"Neftçi" klubu "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq

"Neftçi" klubu "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq Arif Əsədov: "Qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik"
Futbol
5 Dekabr , 2014 15:11
Neftçi klubu Qarabağla oyuna 5 itki ilə çıxacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubu Ağdamın "Qarabağ" komandası ilə dekabrın 7-də səfərdə keçirəcəyi Topaz Premyer Liqasının XV tur matçına futbolçu itkiləri ilə çıxacaq. "Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib.

44 yaşlı mütəxəssis bildirib ki, Culius Vobay və Sesilyo Kaue zədəli, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalıdır. Üstəlik, qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsində məşqlərdə iştirak edir. 

A.Əsədov onların əvəzinə Nicat Qurbanov, Elvin Bədəlov, Emin Mehtiyev kimi gənclərə şans vermək niyyətində olduğunu deyib: "Onlar əsas heyətin üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq. Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda stabil heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır".

Aparıcı futbolçularının yoxluğuna baxmayaraq, baş məşqçi "Qarabağ"la matçda qələbəni hədəflədiklərini bəyan edib: “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 15:15-də başlanacaq.  

Son xəbərlər

Orphus sistemi