"Neftçi" klubu Karlos Kardozonun şərti cəzasının qüvvəyə minəcəyinə inanmır

"Neftçi" klubu Karlos Kardozonun şərti cəzasının qüvvəyə minəcəyinə inanmır ​Arif Əsədov: "Şərtlər müxtəlif olduğundan, cəzalar toplanmamalıdır"
Futbol
27 Aprel , 2015 16:36
Neftçi klubu Karlos Kardozonun şərti cəzasının qüvvəyə minəcəyinə inanmır

Bakı. 27 aprel. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Karlos Kardozonun Azərbaycan Premyer Liqasında ötən turun "Qarabağ"la matçında qırmızı vərəqə almasına komandanın baş məşqçisi Arif Əsədov münasibət bildirib. "Report"a açıqlama verən 45 yaşlı mütəxəssis hadisənin mübarizə şəraitində baş verdiyini deyib.

Onun sözlərinə görə, braziliyalı müdafiəçi qəsdən kobudluq etməyib: "Kardozonun "Qarabağ"ın futbolçusu Muarem Muaremə qarşı kobudluğu sırf mübarizə şəraitində olub. Hesab edirəm ki, baş hakimin qərarı doğru idi. Çünki burada oyun epizodunda kobudluq olmuşdu".

Premyer Liqanın XXVIII turunda "Simurq"la qarşılaşmada aqressiv hərəkət səbəbindən qırmızı vərəqə alan və ikisi şərti olmaqla verilmiş 3 oyunluq cəzadan danışan yerli mütəxəssis bunun "Qarabağ"la oyundakından fərqləndiyini deyib. O bildirib ki, belə olan halda cəzalar üst-üstə hesablanmamalıdır: "Simurq"la matçda baş verənlər tam fərqlidir. "Qarabağ"la görüşdə alınan qırmızı vərəqə isə iki müxtəlif oyun epizodlarında baş verənlərin nəticəsidir. Yəni burada qəsdən kobudluq olmayıb. Şərtlər müxtəlif olduğundan, cəzalar toplanmamalıdır. Əks halda, klub olaraq hər hansı addım atmaq haqda düşünə bilərik".

Qeyd edək ki, Karlos Kardozo Azərbaycan Premyer Liqasının XXVIII turunda "Simurq"la səfər matçınının 74-cü dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi braziliyalıya 3 oyunluq cəza verib. Lakin futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdı.

Son xəbərlər

Orphus sistemi