Bakı. 6 fevral. REPORT.AZ/ "Heç də asan qrupa düşməmişik. Almaniya və Rusiya yığmaları Avropada sözlərini demiş komandalardır. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz". "Report"un məlumatına görə, bunu AFFA-nın rəsmi saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
Avro-2017-nin seçmə mərhələsində Azərbaycan yığma komandasının yer aldığı 7-ci qrupdakı rəqibləri dəyərləndirən mütəxəssis nəticə üçün sonadək mübarizə aparacaqlarını bildirib. Əsas məqsədin milli komandaya layiqli oyunçu yetişdirmək olduğunu deyən Y.Vahabzadə bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etməyin önəmindən danışıb.
Onun sözlərinə görə, mart və iyul aylarında qrupda oyunlar keçirilməyəcək. Bununla bağlı keçirilən iclasda Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürüb və çoxluq da razılaşıb: "Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdir. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq”.