​Mərkəzi Ordu İdman Klubunun bazası təmir olunacaq

​Mərkəzi Ordu İdman Klubunun bazası təmir olunacaq Bu barədə klubun rəisi məlumat verib
Futbol
15 Dekabr , 2015 14:06
​Mərkəzi Ordu İdman Klubunun bazası təmir olunacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Mərkəzi Ordu İdman Klubunun bazasında 2016-cı ildən təmir-tikinti işlərinə başlanılacaq. "Report"un məlumatına görə, bu barədə klubun rəisi, polkovnik-leytenant Rəşad Quliyev mətbuat xidmətinə açıqlamasında bildirib.

O, təmir-tikinti işlərinin müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə aparılacağını söyləyib. Klub rəisi qeyd edib ki, baza müasir standartlara tam cavab verən layihə olacaq: "Burada həm futbol, həm də digər idman növləri üzrə komandalarımızın daha yaxşı hazırlaşması üçün hər cür şərait olacaq. Bu, idmançılarımızın inkişafına və qazanacağı nəticələrə böyük təkan olacaq. Nailiyyətləri daha da yaxşılaşdırmaq üçün münbit şərait yaranacaq. İdmançılar daha yüksək əhval-ruhiyyədə yarışlara hazırlaşacaq".

R.Quliyev bununla da nəticələrin birə-beş artacağına ümidvar olduğunu bildirib. O, işlərin birbaşa nazirliyin nəzarəti altında aparılacağını deyib: "Ümumiyyətlə, cənab nazirin diqqət və qayğısını daim üzərimizdə hiss edirik. Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilmiş Hərbçilərin VI Dünya Oyunlarından qayıtdıqdan sonra da cənab nazir bizi qəbul etdi, problemlərimizlə maraqlandı, İdman Klubuna hər cür köməklik göstəriləcəyini bildirdi. Xatırladım ki, Koreyada idmançılarımız Azərbaycanı boks, cüdo, güləş və taekvondo növlərində təmsil ediblər. Onlar 2-si qızıl, 4-ü gümüş və 6-sı bürünc olmaqla 12 medal qazanıblar. Dünyanın 120 ölkəsindən 8100 idmançının qatıldığı yarışda Azərbaycan 15-ci yeri tutub. Dünya Hərbi İdman Şurasının Hərbi İdman Oyunlarının əhəmiyyəti böyükdür. Bu baxımdan, hesab edirəm ki, biz Oyunlarda uğurla çıxış etdik".

Qeyd edək ki, Mərkəzi Ordu İdman Klubunun bazası 2007-ci ildə əsaslı təmir məqsədilə fəaliyyətini dayandırıb. 

Son xəbərlər

Orphus sistemi