Komitə sədri: "5 klub Peşəkar Futbol Liqasına borcunu ödəyib"

Komitə sədri: "5 klub Peşəkar Futbol Liqasına borcunu ödəyib" Digər 5 klub isə "CBC Sport"un ödəyəcəyi vəsaitlə problemi həll edəcək
Futbol
26 Yanvar , 2016 17:03
Komitə sədri: 5 klub Peşəkar Futbol Liqasına borcunu ödəyib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Bu gün gündəlikdə 4 məsələ var idi. Klubların Peşəkar Futbol Liqasına olan borcu, "CBC Sport"un klublara verməli olduğu vəsait və uşaq futbolu ilə bağlı durumun müzakirəsi, eləcə də 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçi Təbriz Həsənov bizimlə görüşmək istəyirdi. "CBC Sport" turun 3 yox, bütün oyunlarını yayımlamaq istəyir". "Report"un məlumatına görə, bunu Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında komitə sədri Fikrət Hüseynov deyib.

F.Hüseynov bildirib ki, T.Həsənov səhhəti ilə əlaqədar iclasa qatılmadığı üçün bu məsələ müzakirə olunmayıb: "Uşaq futbolu ilə bağlı belə qərar verildi ki, hər klubun uşaq futbolu üzrə menecerləri AFFA-nın uşaq futbolu departamentinin rəisi ilə görüşəcəklər. “CBC Sport” telekanalına yeni direktor təyin olunub. Hər turun 5 oyununun göstərilməsi üçün matçlar 3 gün ərzində keçirilməlidir. Bu məsələni 90-95 faiz yoluna qoyduq. Yalnız ilk turla bağlı problem oldu. Söhbət fevralın 1-nə "Qarabağ” – AZAL oyununu salmaqdan gedir. Bu günün sonuna qədər həmin məsələ, matçın konkret hansı gündə keçiriləcəyi müəyyənləşəcək".

Komitə sədri açıqlamasında klubların PFL-ə borcu ilə bağlı verilən qərar haqqında da danışıb. Onun sözlərinə görə, artıq 5 klub bu problemi həll edib: "Əsas məsələ də elə bu idi. 5 klub PFL ilə razılıq əldə edib. Onlardan sonuncusu AZAL oldu. İki gün öncə biz də borcları bağladıq. Qalan klublarla da borc məsələsini danışdıq. “CBC Sport”dan yayımdan gələn pullarla klublar PFL-ə olan borclarını bağlayacaqlar. Borc məsələsini hələlik “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” klubları həll etməyib. İki gün ərzində, ayın 27-si axşam saatlarına qədər hər klubun rəsmisi PFL prezidenti Ramin Musayevlə fərdi şəkildə görüşərək məsələni yoluna qoyacaq”.

Son xəbərlər

Orphus sistemi