"İnter"in baş məşqçisi və "Neftçi"nin futbolçusuna tətbiq olunmuş cəzalar qüvvədə saxlanılıb

"İnter"in baş məşqçisi və "Neftçi"nin futbolçusuna tətbiq olunmuş cəzalar qüvvədə saxlanılıb Elnur Allahverdiyev və Kaxaber Tsxadadze bu il meydana çıxmayacaqlar
Futbol
20 Dekabr , 2014 17:55
İnterin baş məşqçisi və Neftçinin futbolçusuna tətbiq olunmuş cəzalar qüvvədə saxlanılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, iclasda 5 məsələyə baxılıb. 

“Neftçi” klubunun futbolçusu Elnur Allahverdiyev və Bakının "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərarlar qüvvədə saxlanılıb. 

Əvəzində futzalçılara tətbiq olunan cəzalar yüngülləşdirilib. Rəcəb Fərəczadə (“Araz-Naxçıvan”), Yevgeni Valenko və Dmitri Komenko (hər ikisi "Fənər") intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılıb. Y.Valenko digər 1 oyunluq, R.Fərəczadə və D.Komenko digər 2 oyunluq cəzadan 6 aylıq sınaq müddəti təyin olunmaqla azad edilib. Onlar sınaq müddəti ərzində analoji hərəkətlərə yol verəcəkləri təqdirdə intizam tədbirləri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. 

Qeyd edək ki, K.Tsxadadze Topaz Premyer Liqasının XII turunda "Xəzər Lənkəran"la oyundan sonra rəqib komandanın idman direktoru Yunis Hüseynovla bir-birilərini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıb. Həmin qarşılaşmanın ardından "İnter" cəmi 4 oyun keçirib və "Araz Naxçıvan"ın çempionatdan imtinası ilə əlaqədar bir tur istirahət edib. Bu isə o deməkdir ki, gürcüstanlı mütəxəssis dekabrın 21-də "Qəbələ" ilə səfər matçında da texniki zonadan kənarda qalacaq. O, yalnız gələn il - XIX turda "Sumqayıt"la qarşılaşmada iş başında olacaq. E.Allahverdiyev isə XIII turda elə Lənkəran komandası ilə qarşılaşmada əvvəlcə 2 sarı vərəqə ilə meydandan qovulduğundan, eləcə də matçdan sonra AFFA, Peşəkar Futbol Liqası və hakimi təhqir etdiyindən üst-üstə 6 oyunluq cəzalanıb. E.Allahverdiyev cəzasının 4 oyunluq hissəsini geridə qoyub. "Neftçi" ilin son turunda meydana çıxmayacaq. Bu səbəbdən təcrübəli müdafiəçi yalnız gələn il - XXI turda meydana çıxa biləcək. Həmin tur isə "Neftçi"nin rəqibi elə "Xəzər Lənkəran" olacaq.  

Son xəbərlər

Orphus sistemi