"İnter Bakı"nın prezidenti: "UEFA-dan cavab gözləyirik"

"İnter Bakı"nın prezidenti: "UEFA-dan cavab gözləyirik" "Əvvəlcə, Avrokuboklara vəsiqə qazanmaq lazımdır"
Futbol
3 Mart , 2016 01:39
İnter Bakının prezidenti: UEFA-dan cavab gözləyirik

Bakı. 3mart. REPORT.AZ/ Bakının "İnter" futbol klubunun prezidenti Rəşad Qasımov Azərbaycan Kubokunun 1/4 finalında "Rəvan"la səfər (1:2) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Komandanız gözlənilmədən “Rəvan”a məğlub oldu. Sizcə, niyə nəticə belə oldu?

- Bizim üçün əsas çempionatdır. Bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Yenə də məğlub olmaq istəməzdik. Çalışarıq cavab matçında öz sözümüzü deyək və bizim üçün lazım olan nəticəni qazanaq.

Bu oyunda komandanız elə də yaxşı təsir bağışlamadı. Bəlkə futbolçular da sizin kimi bütün diqqətini çempionata yönəldib?

- Futbolçuların “Qarabağ” kimi komandayla oyundan sonra psixoloji cəhətdən “Rəvan”a qarşı motivasiya olunması çətin idi. Həm də “Sumqayıt”la qarşıdan ağır oyun gəlir. Ola bilsin ki, məğlubiyyətin əsas səbəbi bu idi.

UEFA ilə danışıqlar nə yerdədir?

- Hələ heç bir yenilik yoxdur.

Sizin əsas istəyiniz nədir bu məsələdə?

- Biz UEFA-dan futbolçulara olan borcu hissə-hissə ödəməyimizi istəmişik. Hələ ki, bizə heç bir cavab verilməyib.

UEFA-nın “İnter”i Avropa çempionatlarından uzaqlaşdırmaq ehtimalı çoxdur?

- Bu haqda hələ heç nə deyə bilmərəm. Biz də onların nə qərar verəcəyini gözləyirik.

Nəzərə alsaq ki, “İnter” ardıcıl bir neçə ildir Avropa Liqasına yollanır. Ola bilərmi bu durum futbolçulara mənfi təsir göstərir?

- Xeyr, qətiyyən. Əvvəlcə, Avrokuboklara vəsiqə qazanmaq lazımdır. Daha sonra isə qadağa haqda düşünmək olar.

Komandanızın qarşısına əsas hansı məqsəd qoyulub?

- Həmişə olduğu kimi turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmaq.

Yəni kuboku qazanmaqla Avropa Liqasına getməyi düşünmürsünüz?

- Əsas yaxşı nəticə qazanmaqdır. Əslində bizim üçün fərqi yoxdur. Kubok da çempionatın bir hissəsidir. Kubokun finalına çıxsaq, təbii ki, qalib də gəlmək istərik. Ən azı bu il “Qarabağ” çempion olsa və finalda onlarla düşsək, finalist kimi də Avropa Liqasına gedə bilərik. Amma iki istiqamətdə oynamaq çətindir.

Son xəbərlər

Orphus sistemi