Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Qus Hiddink istefaya göndərilib. "Report"un Hollandiya Krallığının Futbol İttifaqına istinadən verdiyi məlumata görə, 2014-cü il dünya çempionatından sonra bu vəzifəyə gətirilmiş 69 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Səbəb kimi yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsindəki nəticələrinin qeyri-qənaətbəxş olması göstərilib. Hazırda "narıncılar" A qrupunda 10 xalla 3-cü pillədə qərarlaşıb. Qrupa 15 xalla İslandiya başçılıq edir.
Qeyd edək ki, Qus Hiddink 1994-1998-ci illərdə də Hollandiya millisinin baş məşqçisi olub. O, karyerası ərzində bir çox klubla yanaşı, Cənubi Koreya, Rusiya və Türkiyə yığmalarında eyni vəzifədə çalışıb.