​Futbolçu Cavid Hüseynov "Qəbələ" klubundan kənarlaşdırılıb

​Futbolçu Cavid Hüseynov "Qəbələ" klubundan kənarlaşdırılıb "Günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq"
Futbol
9 Avqust , 2015 19:28
​Futbolçu Cavid Hüseynov Qəbələ klubundan kənarlaşdırılıb

Bakı. 9 Avqust. REPORT.AZ/ "Qəbələ" futbol klubu bu gün jurnalist Rasim Əliyevin dünyasını dəyişməsi və bu məsələdə komandanın üzvü Cavid Hüseynovun adının hallanması ilə bağlı bəyanat yayıb.

"Report" klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bəyanatda Cavid Hüseynovun bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırıldığı bildirilir.

"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılayıb. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial layihələrlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirib", - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, mərhumun son müsahibələrində və Facebook sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil.

"Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.

Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik", - deyə bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi