Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçında Azərbaycan yığması ilə qarşılaşacaq Norveç milli komandası noyabrın 14-də axşam saatlarında Bakıya gəlib. "Report"un məlumatına görə, qonaq komanda "Hilton" hotelində məskunlaşıb.
Skandinaviyalıların matça 2 gün tez gəlmələrinin səbəbi Azərbaycanla Norveç arasındakı 3 saatlıq fərqə uyğunlaşmaqdır. Baş məşqçi Per-Matias Höqmo "Dagbladet Sport"a deyib: "Biz əsasən, vaxtımızı Norveç saatı ilə keçirirk. İndi isə elə etməliyik ki, vaxt fərqini minimuma endirək".
Təcrübəli mütəxəssis Azərbaycan millisinin Bolqarıstan, İtaliya və Xorvatiya ilə ev oyunlarını izlədiyini də açıqlayıb. Onun fikrincə, Azərbaycan yığması əzmkar və təhlükəli komandadır.