​Firudin Qurbanov: "Bəzən futbol siyasi alətə də çevrilir"

​Firudin Qurbanov: "Bəzən futbol siyasi alətə də çevrilir" "Federasiya üçün müsbət addımlar atılacaq"
Futbol
18 May , 2015 17:35
​Firudin Qurbanov: Bəzən futbol siyasi alətə də çevrilir

Bakı. 18 may. REPORT.AZ/ "Federasiya prezidenti vəzifəsinə aldığım təklif mənim üçün gözlənilməz oldu. Ancaq bu, böyük şərəf və məsuliyyətdir". Bunu "Report"a açıqlamasında təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) yeni prezidenti Firudin Qurbanov deyib.

F.Qurbanov futbolun digər idman növlərindən fərqləndiyini söyləyib. O, bildirib ki, bəzən futbol siyasi alətə də çevrilir. Federasiyanın yeni prezidentinin sözlərinə görə, bir çox dövlətlər futbol vasitəsilə öz nüfuzunu qaldırır: "Bu, çoxşahəli və ağır sahədir. Azərbaycanda futbol istədiyimiz səviyyədə deyil. Bunu həm klub, həm də milli komandanın beynəlxalq səviyyədə çıxışları göstərir. Prezident İlham Əliyev tərəfindən idmana böyük dəstək verilir. Hər dəfə olimpiadalarda medal qazanırıq. Bu isə ölkədə idmanın inkişafın göstərir".

Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini deyən F.Qurbanov hər bir rayonda idman komplekslərinin olduğunu qeyd edib. O, futbolu sevərək oynamağın və bu idman növünə can yandırmağın gərəkliyindən danışıb: "Hər bir idman növü ancaq elmi əsaslarla inkişaf edə bilər. Komandaların təlim-məşq prosesi, futbolçuların bioloji, iqtisadi, tibbi təminatı müasir elmə dayanmalıdır. O zaman komandayla uğur qazanmaq olar. Texniki və taktiki cəhətdən futbolçuları hazırlamaq lazımdır. "Barselona", "Real", "Bavariya" və "Yuventus"u misal çəkmək olar. Hamısı fiziki baxımdan yüksək hazırlığa malikdir. Ancaq nəticə verən komanda taktiki, texniki, psixoloji hazır olan komanda olur. Tələbə Futbol Federasiyası deyəndə, ali məktəblərin tələbələri yada düşür. Onlar arasında çempionatlar keçirilir. Onları hazırlamaq lazımdır".

F.Qurbanov qarşıda görüləcək işlərdən də danışıb. O, deyib ki, federasiyanın inkişafı üçün çox işlər görülməlidir: "Əsas məsələ odur ki, biz birgə işləməliyik. Çalışacağam ki, dediyim istiqmətdə fəaliyyətimi qurum. Məndən nə asılıdırsa. o işi görəcəyəm. Çalışacağam ki, kollektiv iş görək. Futbolun qarşısında çox böyük vəzifələr durur. Çalışmalıyıq ki, futbol Azərbaycandakı digər idman növləri kimi dünyada yüksək yerlər tutsun. Təbii ki, inkişaf üçün maddi-texniki baza lazımdır. Bu istiqamətdə işlər görüləcək. Federasiya üçün müsbət addımlar atılacaq".

Qeyd edək ki, Firudin Qurbanov ATTF prezidenti postunda Fazil Qarayevi əvəzləyib.

Son xəbərlər

Orphus sistemi