​Əsgər Abdullayev: "Neftçi"də sırf hücumçu olmadığından, Kanales bizə lazımdır"

​Əsgər Abdullayev: "Neftçi"də sırf hücumçu olmadığından, Kanales bizə lazımdır" "Samir Məsimovun "Domjale"yə keçidi Azərbaycan futbolunun xeyrinədir"
Futbol
12 Fevral , 2016 16:24
​Əsgər Abdullayev: Neftçidə sırf hücumçu olmadığından, Kanales bizə lazımdır

Bakı. 12 fevral. REPORT.AZ/ "Neftçi"də sırf hücumçu problemi var. Ruslan Qurbanov mərkəz hücumçusu deyil. Bu baxımdan Nikolas Kanales bizə lazımdır". Bunu "Report"a açıqlamasında "Neftçi" futbol komandasının baş məşqçisi Əsgər Abdullayev deyib.

Onun sözlərinə görə, tam formada olmayan 31 yaşlı çilili hücumçu tezliklə əvvəlki durumunu bərpa edəcək. Ə.Abdullayev təcrübəli forvardla imzalanacaq müqavilə müddəti ilə bağlı məlumatının olmadığını və bununla rəhbərliyin məşğul olduğunu bildirib.

56 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Xəzər Lənkəran"la keçirəcəkləri oyundan və hazırlıq prosesindən də danışıb: "Hazırlıqlar normal qaydada davam edir. Sadəcə, heyətdə itkilərimiz var. Jairo Rodriges qırmızı vərəqə cəzalısıdır, Ruslan Qurbanov sarı vərəqə limitini doldurub. Müdafiəçi Məqsəd İsayev və hücumçu Məhəmməd Qurbanov zədəlidir. Həmişə futbolçularıma deyirəm ki, hər bir oyuna sonuncu kimi baxmaq lazımdır. Bu mənada "Xəzər Lənkəran"la görüş bizim üçün önəmlidir. Qələbə haqda düşünürük. Cari mövsümdə bir çox oyunda xallar itirmişik. Avrokuboklara yollanmaq üçün bu xalları qaytarmalıyıq. Geriyə yol yoxdur".

Ə.Abdullayev "Neftçi"nin futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale" klubuna transfer olunmasından da söz açıb: "Samirə hörmətim var, yaxşı futbolçudur. İnanıram ki, o, "Domjale"də uğurla çıxış edəcək. "Neftçi"nin futbolçusudur və bu addım Azərbaycan futbolunun xeyrinədir. Samir zədə səbəbindən tam formada deyildi. Ancaq son zamanlar yavaş-yavaş formasına qayıdırdı. Düşünürəm ki, Samir "Domjale"də daha yaxşı çıxış edəcək".

Son xəbərlər

Orphus sistemi