Elxan Məmmədov: "Müşahidə Şurası "Qəbələ"də də gec-tez yaradılacaq"

Elxan Məmmədov: "Müşahidə Şurası "Qəbələ"də də gec-tez yaradılacaq" "Biz bunu etməsəydik, deyə bilərdik ki, nəyə görə başqalarına tətbiq etməliyik?"
Futbol
22 Sentyabr , 2015 18:22
Elxan Məmmədov: Müşahidə Şurası Qəbələdə də gec-tez yaradılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Deməzdim ki, "Qarabağ"da Müşahidə Şurası yoxdur. Bu, Ağdam klubunda qeyri-rəsmi formadadır. Onların hər oyununa klub rəhbərliyindən 4-5 nəfər gəlir". Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

Federasiya rəsmisi bildirib ki, hazırda "Qarabağ" rəhbərliyində Müşahidə Şurası kağız üzərində yox, əməli fəaliyyət göstərir: "Tahir Gözel klub prezidenti kimi birbaşa "Qarabağ"ın inkişafı ilə məşğuldur. Baş məşqçi Qurban Qurbanovun klubda söz deməyə gücü var. Baş direktor Emrah Çelikelin də səsi var. Fevzihan Aras vitse-prezident kimi sözünü deyir. Bunlar elə Müşahidə Şurası deməkdir. Ola bilər ki, Şura kağız üzərində olmasın. Ancaq işdə görünür. Biz görürük ki, "Qarabağ"ın oyununda onların "skybox"unda rəhbərlikdən 7-8 nəfər olur və onların da qərar qəbulunda səsləri var". 

Baş katib Müşahidə Şurasının yaradılma məsələsini "Qəbələ" klubu ilə müzakirə etdiklərini də açıqlayıb. Onun fikrincə, "qırmızı-qaralar" gec-tez bu Şuranı yaradacaqlar: "Biz Müşahidə Şurasının yaradılmasını əvvəlcə tövsiyə etdik, sonra dedik ki, mütləq olmalıdır və vaxt verdik. Mütəmadi olaraq klublarla danışırıq, bildiririk ki, bu vacibdir. Bir gün istər-istəməz "Qəbələ" də bunu edəcək. Çünki bu, AFFA İcraiyyə Komitəsinin qərarıdır. Müsbət və ya mənfi nəticənin Müşahidə Şurasına aidiyyəti yoxdur. Çünki bu klublar illərlə vəsait sərf edirlər". 

"Qəbələ"də vəsaitin çox düzgün istiqamətdə xərcləndiyini bildirən E.Məmmədov infrastruktura diqqətdən başlanan işlərin artıq nəticə verməyə başladığını bildirib: "Bəli, çətinliklər oldu, bir məşqçi getdi, yenisi gəldi, eksperimentlər aparıldı. Sonda baş məşqçini, futbolçuları tapdılar və nəticələr əldə olundu. O demək deyil ki, Müşahidə Şurası olsaydı, bunlar daha yaxşı nəticə göstərər və ya daha pis çıxış edərdilər. Müşahidə Şurası kollektiv idarəetmə sistemidir və bu, hər yerdə var. Bütün inkişaf edən strukturlarda bu sistem var. Bu rəhbər şəxsə qərar qəbul etməyə kömək edir və iş bölgüsü yaradır. AFFA-da da İcraiyyə Komitəsi var. Biz bunu etməsəydik, deyə bilərdik ki, nəyə görə başqalarına tətbiq etməliyik?"

Son xəbərlər

Orphus sistemi