​"Əl Cəzirə" "Qarabağ"dan yazıb

​"Əl Cəzirə" "Qarabağ"dan yazıb Yazıda Robert Prosineçkinin fikirlərinə də yer verilib
Futbol
28 Aprel , 2015 14:29
​Əl Cəzirə Qarabağdan yazıb

Bakı. 28 aprel. REPORT.AZ/ Qətərin məşhur "Əl Cəzirə" nəşri Azərbaycanın "Qarabağ" futbol klubundan yazıb. "Report"un məlumatına görə, "22 ildir səfərdə bir Azərbaycan klubu" başlıqlı yazıda "Qarabağ"ın ermənilər tərəfindən işğal olunmuş şəhəri təmsil etdiyi və 22 ildir ev oyunları müxtəlif şəhərlərdə keçirdiyi bildirilir.

Komandanın Ağdamda yerləşən "İmarət" stadionunun müharibə dövründə darmadağın edildiyini qeyd edən müəllif Barış Kuyucu "Qarabağ"ın əzmkar mübarizəsindən danışıb. Yazıda "Qarabağ"ın 2001-ci ildən yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. 

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın İtaliya "İnter"i ilə Bakıda keçirdiyi son oyuna toxunan müəllif "köhlən atlar"ın təmiz qolunun sayılmadığını və Avropa Liqasında mübarizəyə bəxtsiz şəkildə son qoyduqlarını bildirib.

"Qarabağ"ın bugünədək ölkə çempionatı və kubokda keçdiyi yolun qeyd olunduğu yazıda baş məşqçi Qurban Qurbanovun əməyi xüsusi vurğulanıb. Müəllif Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin "Qarabağ" haqda dediklərindən də sitat gətirib: "Onlardakı kollektiv oyun heç bir komandada yoxdur. Ölkə futbolunda standartları yüksəldirlər. Milliyə oyunçu qazandırırlar. Uğurlarını təqdir etməmək mümkün deyil".

Məqalədə iyunun "Qarabağ"ın tarixində xüsusi ay olacağı da vurğulanıb. Bildirilib ki, Bakının Suraxanı qəsəbəsində cəmi 9 aya ərsəyə gələn 5 800 nəfərlik yeni stadion iki aydan sonra komandanın ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi