​ECA-nın Klub İdarəetmə Proqramı ilə bağlı ilk sessiyası keçirilib

​ECA-nın Klub İdarəetmə Proqramı ilə bağlı ilk sessiyası keçirilib Tədbirdə "Neftçi" klubunun icraçı direktoru da iştirak edib
Futbol
25 Yanvar , 2016 14:39
​ECA-nın Klub İdarəetmə Proqramı ilə bağlı ilk sessiyası keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Klub İdarəetmə Proqramının ilk sessiyası təşkil olunub. "Report"un məlumatına görə, yanvarın 18-dən "Allianz Arena"da baş tutmuş toplantıda klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub.

3 gün davam etmiş tədbirə Avropanın 29 futbol assosiasiyasından ümumilikdə 40 təmsilçi qatılıb. Görüşün ilk günü ECA sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro Proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Daha sonra iştirakçılar "Klub İdarəetmə Proqramı"nın meneceri Olivye Yaroşun təqdimatında proqramın tərkibi ilə ətraflı tanış olublar.

Təbdirdə ECA-ya üzv klublardan - "Bazel"in rəhbəri Bernard Hasler, "Mançester Siti"nin icraçı direktoru Ferran Soriano, "Brügge"nin sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub. Seminarın sonunda iştirakçılar üçün "Allianz Arena" stadionunda tur təşkil edilib.

Tədbirdə ECA-nın "Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu"nun üzvü, "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov da iştirak edib.

Qeyd edək ki, klub idarəetməsinin müxtəlif sahələrinə dair biliklərin qazanılması məqsədi ilə keçirilən "Klub İdarəetmə Proqramı"nın icrası hər biri 2 gündən ibarət olmaqla 6 seminara bölünüb. "Klub İdarəetmə Proqramı"nın növbəti seminarı 22-23 martda Fransanın Lion şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi