​"Çukariçki"nin baş məşqçisi: "Azərbaycan və Serbiya xalqları arasında gözəl münasibətlər var"

​"Çukariçki"nin baş məşqçisi: "Azərbaycan və Serbiya xalqları arasında gözəl münasibətlər var" "Hər şey sabahkı oyunda bəlli olacaq"
Futbol
22 İyul , 2015 21:08
​Çukariçkinin baş məşqçisi: Azərbaycan və Serbiya xalqları arasında gözəl münasibətlər var

Bakı. 22 iyul. REPORT.AZ/ "Azərbaycan və Serbiya xalqları arasında gözəl münasibətlər var. Bakı da gözəl şəhərdir". "Report"un məlumatına görə, Serbiya "Çukariçki"sinin baş məşqçisi Vladan Miloyeviç "Qəbələ" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi mətbuat konfransına bu sözlərlə başlayıb.

O bildirib ki, ilk oyunda 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, cavab görüşü tam fərqli keçəcək: "İstəməzdim ki, "Qəbələ" haqda çox danışım. Çünki bu, beynəlxalq oyundur. Rəqib həmkarım böyük istedada malikdir. Məndə olan məlumata görə, çempionatınızın ilk turunda Qəbələ ilə "Qarabağ" qarşılaşacaq. Hər iki klub gözəl oyun sərgiləyir. Biz heç kimdən qorxmuruq. Sabah bütün fikirlərimizi öz oyunumuza yönəldəcəyik. Əminəm ki, Bakıda tam fərqli oyun göstərəcəyik. Öz üzərimizə düşən yükü meydanda qoyacağıq. İlk oyunda şanslarımız yarıbayarı idi. Cavab görüşündə də şanslarımız eynidir. Amma öz komandama inanıram, bilirəm ki, Serbiyadakı oyunu burada da göstərəcəyik".

- "Qəbələ"nin ilk oyundakı çıxışı sizin üçün sürpriz olmadı?

- "Qəbələ" Belqrada gələndə udub-uduzacağı bilinmirdi. Elə bir komanda yoxdur ki, uduzmağı arzulasın. Futbolda qarşı tərəfin güclü və ya zəif olması amilləri var. İlk oyundan sonra "Qəbələ"nin hansı gücə malik olduğunu gördük. Bildiyimə görə, "Qəbələ"nin güclü legionerləri var və yaxşı oyun sərgiləyir. Əminəm ki, sabah fərqli oyun olacaq.

- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunu uzatma dəqiqələri və penaltilərə saxlamayacaqlarını bildirib. Siz necə düşünürsünüz?

- Qriqorçukun özünə güvənərək belə söz dediyinə şadam. Amma bu futboldur. Bilmək olmaz, nəticə necə olacaq. Yəqin ki, elə deyibsə, oyunu əlavə vaxta saxlamaz. Ola bilsin, başqa strategiyası var. Özünə əmin olaraq danışır. Amma biz bura uduzmağa gəlməmişik. Hər şey sabahkı oyunda bəlli olacaq. Penalti və ya əlavə vaxtın olub-olmayacağı sabahkı oyunda bilinəcək.

- Çempionat oyununda böyük hesabla qalib gəlmisiniz. Cəmi 3 gün öncə oyun keçirməyiniz üstünlüyünüzdür, yoxsa əleyhinizə işləyən amildir?

- Bizdə çempionat avqustun əvvəlinə keçirildi. Biz bu matçı oynamağa məcburuq. Bu oyunun çempionata heç bir aidiyyəti yoxdur. Oyunçularımıza güvənimiz yüksəkdir. Bizim üçün heç bir problem yoxdur. Lazım olsa, oynayırıq, lazım olduqda istirahət edirik.

- Stadionu oyuna hazır görürsünüz?

- Hələ arenanı görməmişəm. Əminəm ki, hava da uyğun olacaq.

Son xəbərlər

Orphus sistemi