Çexiya millisinin baş məşqçisi: "Azərbaycan Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi"

Çexiya millisinin baş məşqçisi: "Azərbaycan Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi" Karel Yarolim: "Desəm ki, komandada gərginlik yoxdur, bu, səmimi olmaz"
Futbol
11 Oktyabr , 2016 00:02
Çexiya millisinin baş məşqçisi: Azərbaycan Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi

Bakı. 11 oktyabr. REPORT.AZ/ DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya yığma komandası oktyabrın 11-də millimizlə qarşılaşacaq.

"Report"un məlumatına görə, Çexiya yığmasının baş məşqçisi Karel Yarolim oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Desəm ki, komandada gərginlik yoxdur, bu, səmimi olmaz. Ancaq sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, qalib gələk.

- Robert Prosineçkini şəxsən tanıyırsınız? Yaxud tanış olmağa vaxtınız olub?

- Mən onu məşqçi kimi yox, oyunçu kimi tanıyıram. Fikrimcə, sabahkı oyun Azərbaycan millisinin Norveçlə oyununun təkrarı olacaq. Fərq yalnız ondan ibarət olacaq ki, Azərbaycan sabah səfərdə oynayacaq. Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.

- Sabah qalib gəlməsəniz, necə olacaq?

- Əlbəttə, bunu heç cür qəbul edə bilmərəm. Buna görə, ilk dəqiqələrdən səhv etmədən oyunumuzu davam etdirməliyik. Almaniya ilə oyundakı səhvləri təkrarlamamalıyıq. Bunda azarkeşlərin də rolu olacaq. Onlar stadiona gələrək, millini sonadək dəstəkləməlidilər.

- Çexiya ilə Azərbaycan arasında son oyun BƏƏ-də olub və 0:2 uduzmuşuq. Həmin oyundan nə isə nəticə çıxarmısınız?

- Mənim yaşım çoxdur. Əlbəttə, həmin oyunu xatırlayıram. Ancaq o, yoxlama oyunu idi. Həmin matçın yalnız nəticəsini xatırlayıram.

- Almaniya ilə oyundakı heyətlə sabahkı heyət arasında hansısa fərq olacaq?

- Əlbəttə, hər oyundan sonra biz dəyişikliklər edirik. Bu, yalnız Almaniya ilə oyunla bağlı deyil. Ancaq xahiş edirəm, məndən hansısa taktikayla bağlı fikir bildirməyimi istəməyin. Çünki burda yetərincə müxbir var.

- Azərbaycanın Norveçi məğlub etməsi sabah heyətlə bağlı qərarınıza təsir edəcək?

- Azərbaycanın Norveçi məğlub etməsinə görə heyətdə dəyişiklik etməyəcəyik. Biz sadəcə olaraq, özümüzə görə heyət seçəcəyik.

- Sabakı oyunda xal itkisi Çexiya millisini baş məşqçisiz qoya bilər?

- Səmimi deyim, o barədə heç düşünməmişəm. Bizim üzərimizə düşən əsas vəzifə sabah meydanda öz işimizi görməkdir. Sabah nə olacağını heç kim deyə bilməz.

- Azərbaycan millisini özünüzə layiqli rəqib kimi görürüsünüz? Sizcə, bu gün bu millinin Çexiyadan öndə olması ədalətlidir?

- Heç vaxt rəqibləri alçaltmamışam. Azərbaycan Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi.

- Sabah hücum, yoxsa müdafiəyə meyilli oyun seçəcəksiniz?

- Maraqlı sualdır. Ancaq inamıram ki, bu suala cavab verəcəyimi gözləyirsiz. Hansı taktikanı seçəcəyimi sabah görəcəksiz.

Son xəbərlər

Orphus sistemi