Bakı. 21 oktyabr. REPORT.AZ/ "Portuqaliyadan Azərbaycana getmək, misal üçün, Nyu-Yorka getmək kimi bir şeydir".
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının final maçtının gələcəkdə Avropadan kənarda keçirilməsinin mümkünlüyü ilə bağlı danışarkən deyib.
O bildirib ki, Avropanın bəzi ölkələri arasında məsafə çox olduğundan, bu cür addım atmaq mümkündür: "Azarkeşlər üçün bu, əlbəttə, problem deyil, amma görək necə olur?! Çempionlar Liqası Avropa miqyaslı yarışıdır və ona görə də məsələni ciddi götür-qoy etmək lazımdır".
A.Çeferin bunun üçün başqa bazarlar barədə düşünməyin lazım olduğunu bildirib: "Bunu necə edəcəyimizi hələ bilmirəm. Çin maliyyə baxımından inkişaf etmiş bir ölkədir, Amerika isə o qədər də yox. Ancaq futbol hər yerdə inkişaf edir".
Qeyd edək ki, 2016/2017 mövsümünün finalı 2017-ci il iyunun 3-də Uelsin Kardif şəhərindəki "Milenyum" stadionunda keçiriləcək.