Cavid İmamverdiyev: "Bilmirəm Ümit Özat niyə getdi, niyə qayıtdı" - MÜSAHİBƏ

Cavid İmamverdiyev: "Bilmirəm Ümit Özat niyə getdi, niyə qayıtdı" - MÜSAHİBƏ "Dünən də, bu gün də əsas komanda ilə məşqdə olmuşam"
Futbol
11 Mart , 2015 14:59
Cavid İmamverdiyev: Bilmirəm Ümit Özat niyə getdi, niyə qayıtdı - MÜSAHİBƏ

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan yığmasının və Türkiyənin "Elazığspor" klubunun futbolçusu Cavid İmamverdiyevin "Report"a müsahibəsi

- Baş məşqçi Ümit Özatın sizi əsas komandadan kənarlaşdırmasına dair xəbərlər yayılıb...

- Doğru xəbər deyil. Belə bir şey yoxdur.

- Axı bu barədə Özatın özü yerli telekanala açıqlama verib...

- Bilirəm. Mən də sizin kimi eşitmişdim. Amma dünən də, bu gün də əsas komanda ilə məşqdə olmuşam. Mənə heç nə deyilməyib. Əvvəlki qaydada məşqlərimi davam etdirirəm.

- Bəs özünüz bu məsələni aydınlaşdırdınız?

- Mən peşəkar futbolçuyam. Gedib baş məşqçiyə nə deyə bilərəm? Belə bir şey varsa, özü bizə deməlidir. Mən kiməsə yaxınlaşıb soruşmalı deyiləm.

- Öncədən onun sizinlə, eləcə də əsas heyətdən kənarlaşdırıldığı deyilən Franko Kangele və kapitan Fabio Bilika ilə münaqişəsi var idi? Bəlkə elə buna görə istefa vermişdi?

- Xeyr, bizimlə həmişə yaxşı münasibətdə olub. İndi də əla münasibətdəyik. Aramızda heç vaxt problem olmayıb. Onun nəyə görə istefa verdiyindən inanın ki, məlumatsızıq. Kangele və Bilikaya da heç nə deyilməyib.

- Özatın postunda saxlanılmasından sonra klubun I vitse-prezidenti Münir Yılmaz istefa verdi...

- Allaha and olsun, mən də sizin qədər məlumatlıyam. Başqa heç nədən xəbərim yoxdur. Bilmirəm niyə getdi, niyə qayıtdı? Nəinki mən, bütün futbolçular bilmir. Baş məşqçinin özü də bizə açıqlama vermir. Kollektivlə münasibətləri də qaydasındadır. 

- Mövsümün sonunda "Elazığspor"la icarə müqaviləniz başa çatır. Klub rəhbərliyi sizə yeni müqavilə təklif etməyib?

- Hələ tezdir. Bu barədə mayda danışmaq olar.

- Hazırkı durumunuzdan razısınız?

- Son zamanlar əsas heyətdə müntəzəm yer alıram. Hərçənd nəticələrimiz elə də yaxşı deyil. Eniş və yüksəliş hər bir komandada ola bilər. Mümkündür ki, 10 oyun dalbadal xal qazanmayasan və ya əksinə.

- 23 turdan sonra "Elazığspor" 27 xalla 13-cü pillədə qərarlaşıb. Artıq Superliqaya vəsiqə uğrunda mübarizəyə imkan verən ilk "6-lığ"a düşmə şansını itirdiyinizi demək olar?

- Bunu da bilmək olmaz. Hər şey mümkündür. 

Son xəbərlər

Orphus sistemi