​Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək

​Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək Oyun Bakı vaxtilə 23:45-də start götürəcək
Futbol
11 Avqust , 2015 12:51
​Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün Gürcüstanın paytaxtı Tbilisidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. "Report"un məlumatına görə, Boris Payçadze adına "Dinamo" stadionunda İspaniyanın "Barselona" və "Sevilya" klubları üz-üzə gələcək.

"Barselona" 2014-2015-ci il mövsümündə Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının qalibi olub.

Ötən il də UEFA Super Kuboku uğrunda İspaniyanın 2 klubu mübarizə aparıb. "Sevilya" Uelsin Kardiff şəhərindəki "Millenium" stadionunda keçirilmiş matçda Çempionlar Liqasının o vaxtkı qalibi "Real Madrid"ə 0:2 hesabı ilə uduzub. İndi isə rəqib ötən mövsüm Çempionlar Liqasından əlavə, İspaniya çempionluğu və kubokunu qazanmış "Barselona"dır. "Barsa" bu görüşdən sonra - avqustun 15-də və 18-də "Atletik"lə İspaniya Super Kuboku uğrunda görüşlərə çıxacaq.

Kataloniya komandası "Sevilya" ilə görüşün favoriti sayılsa da, oyuna itkilərlə çıxacaq. Neymar Tbilisiyə səfər öncəsi xəstələnib. Jordi Alba və Duqlas isə zədəlidir. Yeni transferlər Arda Turan və Aleyks Vidal FİFA-nın məlum qadağası üzündən yanvaradək meydana çıxmayacaqlar.

"Sevilya"da isə müdafiə xəttində problemlər var. Çoxdan zədələnən Nikolas Parexaya Daniel Karriso da qoşulub. Xəstəliyi ilə əlaqədar Steven Nzonzi meydana çıxmayacaq. Adil Raminin də iştirakı sual altındadır. Bununla belə, baş məşqçi Unay Emeri bir neçə yeni transferin - müdafiəçilər Mariano və Serxio Eskudero, yarımmüdafiəçilər Mikael Kron-Deli, Qael Kakyuta, Sebastyan Kristoforo, Luismi, Denis Suares, Yevgeni Konoplyanka, habelə hücumçu Çiro İmmobilenin xidmətindən yararlana bilər.

Qələbə təqdirində "Barselona" UEFA Super Kubokunu 5-ci dəfə qazanaraq, bu göstəricidə İtaliya "Milan"ına çatacaq. Daha öncə Kataloniya komandası 1992, 1997, 2009 və 2011-ci illərdə bu uğuru qazanıb. Klub daha 4 dəfə məğlub olub. "Sevilya" isə cəmi 1 dəfə - 2006-cı ildə Super Kuboku əldə edib ki, bu da məhz "Barsa" ilə görüşə təsadüf edib - 3:0. 9 il öncəki heyətdən Lionel Messi və Andres İnyesta hələ də "Barsa"dadır, Daniel Alves və Adriano isə "Seviya"dan alınıb. Alves yenə qalib olsa, 4-cü dəfə Super Kuboku qazanaraq, bu göstəricidə italiyalı Paolo Maldiniyə çatacaq.

Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşü şotlandiyalı Uilyam Kollumun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, UEFA Super Kuboku 1972-ci ildən keçirilməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi