Bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ"la "Neftçi" arasında görüş olacaq

Bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ"la "Neftçi" arasında görüş olacaq "Sumqayıt" isə AZAL-ı qəbul edəcək
Futbol
26 Sentyabr , 2015 10:01
Bu gün Azərbaycan Premyer Liqasında Qarabağla Neftçi arasında görüş olacaq

Bakı. 26. sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, əsas diqqətlər "Qarabağ"la "Neftçi" arasındakı qarşılaşmaya yönələcək.

Bu oyun ilk dəfə Ağdam klubunun Suraxanıda inşa etdirdiyi yeni arenada baş tutacaq. Bu arenada Peşəkar Futbol Liqası bəzi çatışmazlıqlar aşkarladığından, matçın hansı stadionda keçiriləcəyi uzun müddət müəmmalı idi. Yalnız ötən gün problemlərin geridə qaldığı və stadionun oyuna tam hazır olduğu açıqlanıb.

"Qarabağ"la "Neftçi" indiyədək keçirilmiş bütün çempionatlarda iştirak edib. Üstəlik, bu 2 komanda son 5 mövsümdə Azərbaycan Premyer Liqasının qalibi olub. Əvvəlcə flaqman ardıcıl 3, ardından Ağdam klubu dalbadal 2 mövsüm çempionluq əldə edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həm eyni vəzifədə, həm də futbolçu kimi, kapitan Rəşad Sadıqov isə futbolçu kimi əvvəllər "Neftçi"də çalışıb.

Bu mövsüm isə ilk 5 oyununda "Qarabağ" məğlubiyyət üzü görməyib. Hazırda 13 xala malik Qurbanovun komandası qələbə və ya heç-heçə təqdirində, yenidən vahid liderə çevriləcək. 8 xalla 5-ci pillədə yer alan "Neftçi"ni isə ilk "3-lüy"ə yalnız qələbə yaxınlaşdıra bilər.

İki komanda arasındakı son 8 qarşılaşmada “Qarabağ” uduzmayıb, “Neftçi” isə cəmi 3 xal əldə edib. Digər tərəfdən, Ağdam təmsilçisinin son 5 ev oyunundan 4-də hər iki komanda qol vurub.

Günün digər matçında "Sumqayıt" autsayder AZAL-la üz-üzə gələcək. Meydan sahibləri əvvəlki oyunlarının hamısından məğlub ayrılan "təyyarəçilər"lə görüşdə ilk qələbəni əldə etməyə çalışacaq. Buna nail olacağı halda, baş məşqçi Aqil Məmmədovun komandası "Kəpəz"i arxada qoyaraq, 7-ci pilləyə yüksələcək. AZAL isə meydana aktivinə ən azı ilk xalı yazdırmaq üçün çıxacaq.

Azərbaycan Premyer Liqası, VI tur

26 sentyabr (şənbə)

19:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı, Suraxanı qəsəbə stadionu

19:00. “Sumqayıt” – AZAL

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt, “Kapital Bank Arena”

25 sentyabr (cümə)

“İnter” – “Kəpəz” - 1:0

Qol: Dieqo Martins, 53

Qırmızı vərəqə: Dieqo Martins, 86 ("İnter")

“Rəvan” – “Qəbələ” - 0:3

Qollar: Dodo, 37. Samir Zərgərov, 58. Aleksey Qay, 78

Son xəbərlər

Orphus sistemi