​Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq

​Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq Oyunlar Masazır və Qəbələdə keçiriləcək
Futbol
4 May , 2016 07:09
​Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq

Bakı. 4 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalardan biri Masazırda, digəri isə Qəbələdə baş tutacaq.

İlk olaraq "Qəbələ" Bakının "Neftçi" klubunu qəbul edəcək. Qarşılaşmanın ədalət təmsilçisi Fariz Yusifov olacaq. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından, meydan sahiblərinə qələbədən əlavə qolsuz bərabərlik də sərf edir. "Ağ-qaralar" isə finala yüksəlmək üçün səfərdən ya qələbə, ya da ən azından 2:2 hesablı bərabərliklə dönməlidirlər. Komandalar bugünədək Azərbaycan Kubokunda son oyun istisna olmaqla, cəmi bir dəfə üz-üzə gəlib. İki il əvvəl finalda görüşən klublar meydanı bərabərliklə tərk edib - 1:1. Oyunun taleyini penaltilər seriyası həll edib və daha dəqiq olan "Neftçi" kuboka sahib çıxıb.

Bakının "İnter" klubu isə səfərdə "Qarabağ"la qarşılaşacaq. Ramil Diniyevin idarə edəcəyi oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək. Demək olar ki, Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun rəhbərlik etdiyi komanda finala yüksələcək. "Qarabağ" ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. Yarımfinal mərhələsinin ilk oyunu istisna olmaqla, komandalar bugünədək Kubok oyunlarında 5 dəfə qarşılaşıb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununa görə "İnter" qalib gəlib. Yeganə final matçında isə "Qarabağ" üstün olub.

Azərbaycan Kuboku, yarımfinal mərhələsi, cavab oyunları

16:00. "Qəbələ" – "Neftçi"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu (CBC Sport)

19:00. "Qarabağ" – "İnter"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

"Əlincə Arena" (CBC Sport)

Qeyd edək ki, final oyunu mayın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi