Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gecə futbol üzrə AVRO-2016-nın bütün iştirakçılarının adına aydınlıq gələcək. "Report"un məlumatına görə, gecədə "play-off"da mübarizə aparan 4 komandadan 2-si Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Ukrayna millisi Sloveniyanın qonağı olacaq. Bu görüşdə qonaqlar üstünlüyə malikdir. Lvovda keçirilmiş ilk oyunda rəqib qapısından 2 cavabsız top keçirən Ukrayna yığması cütün favoriti hesab olunur. Ukrayna seçmə mərhələnin C qrupunda İspaniya və Slovakiyadan sonra 3-cü olub. Sloveniya isə E qrupunda İngiltərə və İsveçrədən sonra qərarlaşaraq "play-off"a yüksəlib. Mariborda keçiriləcək qarşılaşmanı türkiyəli FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Digər görüşdə isə Danimarka İsveçi qəbul edəcək. Kopenhagendə keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi başlayacaq. Buna səbəb İsveçin doğma meydanda 2:1 hesablı qələbə qazanmasıdır. Lakin bu hesab "sürüşkən" olduğundan demək olar ki, hər iki komandanın növbəti mərhələ şansları eynidir. Seçmə mərhələnin G qrupunda Avstriya və Rusiya millisindən geri qalan İsveçlə İ qrupunda Portuqaliya və Albaniyadan zəif olan Danimarkanın görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
AVRO-2016, "play-off" mərhələsi, cavab oyunları
23:45. Sloveniya - Ukrayna
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun.
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek
Dördüncü hakim: Mustafa Eyisoy (hamısı Türkiyə)
Maribor. Lyudski stadionu
İlk oyun: Ukrayna - Sloveniya - 2:0.
23:45. Danimarka - İsveç
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mullarkey, Stefen Çayld
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Andre Marriner
Dördüncü hakim: Con Bruks (hamısı İngiltərə)
Kopenhagen. Telya Parken.
İlk oyun: İsveç - Danimarka - 2:1.
Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları "play-off" mərhələsindən qalib ayrılaraq Parisə vəsiqə qazanıb.