Bu gün Ağdamın "Qarabağ" klubu Avropa Liqasında növbəti oyununa çıxır

Bu gün Ağdamın "Qarabağ" klubu Avropa Liqasında növbəti oyununa çıxır Azərbaycan komandası yenə qələbə qazansa, növbəti mərhələ şanslarını xeyli yüksəldəcək
Futbol
6 Noyabr , 2014 09:33

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanı futbol üzrə Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdamın "Qarabağ" klubu bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Ukraynanın "Dnepr" komandası olacaq. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlanacaq. Görüşə polşalı referi Pavel Gilin başçılıq etdiyi hakimlər briqadası təyinat alıb. 

F qrupunda 3 turdan sonra "Qarabağ" 4 xalla 2-ci, "Dnepr" isə 1 xalla 4-cü pillədə qərarlaşıb. 2 həftə öncə bu komandalar arasında Kiyevdə keçirilmiş qarşılaşmada Ağdam təmsilçisi qalib gəlib - 1:0. Bakıdakı qarşılaşmada da Ukrayna komandası uduzacağı halda, növbəti mərhələyə vəsiqədən məhrum olacaq. Əvəzində "Qarabağ" xallarını 7-yə çatdıraraq, qrupun 2-ci pilləsində mövqeyini möhkəmlədəcək və 1/16 final şanslarını xeyli yüksəldəcək. 

"Qarabağ" bu görüşə 2 itki ilə çıxacaq. Danilo Dias və Çumbinyo zədə üzündən forma geyinməyəcək. "Dnepr"in heyətində isə hələ tam bərpa olunmayan Mateus oynamayacaq.  

Qeyd edək ki, hazırda F qrupuna 7 xalla İtaliya "İnter"i başçılıq edir. Fransa "Sent-Etyen"i 3 xalla 3-cü pillədə yer alıb. Qrupdakı digər görüş də məhz Fransada bu iki komanda arasında olacaq. 

Son xəbərlər

Orphus sistemi