​Bu gecə Avropa Liqasının qalibi müəyyənləşəcək

​Bu gecə Avropa Liqasının qalibi müəyyənləşəcək Finalda "Dnepr" və "Sevilya" komandaları qarşılaşacaq
Futbol
27 May , 2015 09:19
​Bu gecə Avropa Liqasının qalibi müəyyənləşəcək

Bakı. 27 may. REPORT.AZ/ Bu gecə futbol üzrə Avropa Liqasında final görüşü keçiriləcək. "Report"un məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutacaq həlledici qarşılaşmada İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klubları üz-üzə gələcək.

İspaniya təmsilçisi bu görüşdən qalib ayrılacağı təqdirdə, yeni rekorda imza atmış olacaq. 3 dəfə Avroliqanın qalibi olmuş "Sevilya" gecəni qələbə ilə başa vurarsa, 4-cü çempionluğunu yaşayacaq. Bununla da əndəlüslülər "Yuventus", "İnter" (hər ikisi İtaliya) və "Liverpul" (İngiltərə) klublarını bu göstəricidə keçəcək.

Cari mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer almış "Dnepr" üçün isə birinci dəfədir yüksəldiyi final matçı böyük uğur sayıla bilər. Ukrayna klubu kuboku başı üzərinə qaldıracağı halda bu, Dneprepetrovsk komandasının avrokuboklardakı ilk titulu olacaq.

İngiltərədən olan Martin Atkinsonun idarə edəcəyi matç Varşava Milli Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Avropa Liqası

Final

23:45. "Dnepr" (Ukrayna) – "Sevilya" (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Polşa. Varşava. Milli stadionu

Son xəbərlər

Orphus sistemi