Bakı. 12 mart. REPORT.AZ/ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Almaniyanın "Bavariya" klubu "Alyans arena"da Ukraynanın "Şaxtyor" kollektivini qəbul edib.
"Report" xəbər verir ki, matç almanların 7-0 hesablı darmadağını ilə başa çatıb.
Qonaqlar artıq 3-cü dəqiqədə meydanda azlıqda qalıblar: Aleksandr Kuçer cərimə meydançasında qaydanı pozub və qırmızı vərəqə alıb.
11 metrlik cərimə zərbəsini Müller dəqiq yerinə yetirib. Münhenlilər 34-cü dəqiqədə Jerom Boatenqin dəqiq zərbəsi ilə top fərqini ikiyə çatdırıblar. İkinci hissənin əvvəlində Frank Riberi hesabı 3:0 edib. Üç dəqiqə sonra isə Müller dublunu rəsmiləşdirib.
Ev sahibləri 63-cü dəqiqədə oyunda beşinci qollarını vurublar: bu dəfə Holqer Badştuber fərqlənib. 75-ci dəqiqədə "mədənçilər"in qapıçısı Andrey Pyatovu Robert Levandovski məyus edib. Matçda son nöqtəni 87-ci dəqiqədə Mario Götse qoyub - 7:0.
İlk oyun 0:0-lıq bərabərliklə yekunlaşmışdı. Beləliklə, Hosep Qvardiolanın yetirmələri Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Çempionlar Liqası. 1/8 final. 2-ci oyun
"Bavariya" (Münhen, Almaniya) – "Şaxtyor" (Donetsk, Ukrayna) – 7:0
Qollar: Müller, 4 (1:0, pen); Boatenq, 34 (2:0); Riberi, 49 (3:0); Müller, 52 (4:0); Badştuber, 63 (5:0); Levandovski, 75 (6:0); Götse, 87 (7:0).