Bakıda "Yuventus"un məktəbi açılıb

Bakıda "Yuventus"un məktəbi açılıb Təhsil haqqı 250 avro olacaq
Futbol
11 Mart , 2016 16:39
Bakıda Yuventusun məktəbi açılıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda İtaliyanın "Yuventus" futbol klubunun uşaq düşərgəsinin açılışı olub. "Report"un məlumatına görə, tədbirdə klubun əfsanəvi futbolçusu David Trezege də iştirak edib.

Əvvəlcə Turin şəhəri təmsilçisinin uşaq futbolu ilə bağlı layihəsindən bəhs edən süjet nümayiş etdirilib.

Ardından "Yuventus"un Futbol Məktəbləri üzrə İnkişaf mütəxəssisi Karolina Çiappero layihə barədə məlumat verib. O bildirib ki, 70-dən artıq ölkədə tərəfdaşları fəaliyyət göstərir. 5 yaşdan yuxarı 150 minədək uşağın layihəyə cəlb olunduğunu deyən K.Çiapperonun sözlərinə görə, məqsəd təkcə uşaqları futbolçu kimi yetişdirmək deyil, dəyərləri aşılamaqdan ibarətdir: "Biz hesab edirik ki, layihəyə cəlb olunmuş uşaqlar dünyada daha maarifləndirici işlər görə, futbol vasitəsilə əylənə biləcəklər. Uşaqlar bu layihəyə qoşulandan sonra şəxsiyyət kimi formalaşacaqlar. Bu onların futbolla məşğul olub-olmamaları ilə əlaqədar deyil. Bu layihəyə qoşulan gənclər yüksək səviyyədə hazırlıq keçəcəklər".

Layihəyə azərbaycanlı məşqçilərin də cəlb olunacağını deyən K.Çiappero onların italiyalı mütəxəssislərlə birgə sıx işləyəcəklərini vurğulayıb.

"JuAzerbaijan"ın baş meneceri Anar Məmmədov "Yuventus"un uşaq düşərgəsinin Bakı Olimpiya Stadionunda açılacağını söyləyib. Onun sözlərinə görə, ilk düşərgə 6 - 12 iyunda, ikincisi isə 13 - 19 iyunda açılacaq. Hər bir düşərgəyə 90 uşaq qəbul olunacaq. Məşqlər "Yuventus"da müxtəlif yaş qruplarında, o cümlədən əsas komandada təcrübəyə malik 3 mütəxəssisin rəhbərliyi altında keçiriləcək. İşə 3 azərbaycanlı mütəxəssis və tərcüməçi də cəlb olunacaq: "Yuventus"un məşqləri çox fərqlidir. Məşqçilərdə uşaqlara fərdi yanaşma var. Bu metodika sayəsində uşaq bir həftəlik dərsdən sonra futbola yeni baxışla yanaşır. Əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirmək və "Yuventus"un tanınmasında rol oynamaqdır. Düşərgəyə həm peşəkar, həm də adi futbolsevər uşaq cəlb oluna bilər. Məşqlər 09:00 - 18:00-da keçiriləcək. Bu müddətdə ikisaatlıq fasilə veriləcək. Stadionda hər ehtimala qarşı təcili tibbi yardım olacaq. Dərslərin sonunda sertifikatlar veriləcək. Təhsil haqqı 250 avro olacaq".

Son xəbərlər

Orphus sistemi