​"Bakcell" şirkəti "UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016"nın rəsmi sponsoru olub

​"Bakcell" şirkəti "UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016"nın rəsmi sponsoru olub Bununla bağlı Yerli Təşkilat Komitəsi ilə "Bakcell" arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib
Futbol
17 Mart , 2016 16:03
​Bakcell şirkəti UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016nın rəsmi sponsoru olub

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin baş ofisində “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”nın Yerli Təşkilat Komitəsi ilə "Bakcell" arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və "Bakcell"in baş icraçı direktoru Riçard Şirer tərəfindən imzalanmış bu sponsorluq müqaviləsinin şərtlərinə əsasən "Bakcell" şirkəti mayın 5-21-də Azərbaycanda keçiriləcək çempionatın təşkilati işlərinə maliyyə dəstəyi göstərməklə yanaşı, turnirin mobil rabitə partnyoru olmaqla Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil cihazlar və rabitə ilə təmin edəcək.

“Azərbaycanda mühüm idman tədbirlərinin keçirilməsi ənənəvi hal alıb. Biz də milli operator olaraq öz növbəmizdə bu tədbirlərə dəstək göstərməyi özümüzə borc hesab edirik. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlığımız çərçivəsində davamlı şəkildə bir çox işlər görmüşük. Bundan öncə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatının da rəsmi sponsoru olmuşduq. Bu il Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatının keçirilməsində əlimizdən gələn dəstəyi göstərməyimiz üçün AFFA tərəfindən verilən imkana görə təşəkkürümüzü bildiririk”, - deyə "Bakcell"in baş icraçı direktoru R.Şirer bildirib.

“Sevindirici haldır ki, 2012-ci ildən etibarən "Bakcell" şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin təşkili zamanı da biz "Bakcell" şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə "Bakcell" bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, "Bakcell"in əməkdaşlığı ilə “Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”, - deyə AFFA-nın baş katibi E.Məmmədov vurğulayıb.

Qeyd edək ki, FIFA U-17 Avropa Çempionatı UEFA-nın üzvü olan ölkələrin U-17 milli yığma komandaları arasında 2001-ci ildən etibarən keçirilir. Sonuncu dəfə 2015-ci ildə bu çempionat Bolqarıstanda keçirilib.

Son xəbərlər

Orphus sistemi