Azərbaycanın "İnter" klubu rekord ərəfəsindədir

Azərbaycanın "İnter" klubu rekord ərəfəsindədir Paytaxt təmsilçisi ardıcıl 3 oyunda qolsuz heç-heçə edib
Futbol
1 Noyabr , 2014 15:11
Azərbaycanın İnter klubu rekord ərəfəsindədir

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın “İnter” futbol klubu ardıcıl 3 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının VIII turunda “Simurq”, IX turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə edən Bakı komandası X turda “Qarabağ”la matçdan qolsuz “sülh”lə ayrılıb.

Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə haldır. Lakin ardıcıl üç 0:0-a imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə hal təxminən yarım il əvvəl qeydə alınıb. Həmin vaxt “Rəvan”, “Simurq” və “Neftçi” ilə görüşlərin hər birində 1 xalı qol vurmadan qazanmışdı.

Buna ötən mövsümün sonunda – 32-34-cü turlarda təsadüf olunmuşdu.

Ümumiyyətlə isə “İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib.

0:0-lar üzrə rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və “Neftçi”yə (1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir. “Qarabağ” (1997/98, 2009/10) 2, “Karvan” (2009/10), “Turan” (1996/97) və “Xəzri” (1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək 4-ə çatan olmayıb. Görünməmiş nəticəni “İnter” "Sumqayıt"la noyabrın 2-də keçirəcəyi qarşılaşmada gerçəkləşdirə bilər.

Digər tərəfdən, “İnter”in ardıcıl heç-heçə seriyası 4-ə çatıb. Qolsuz başa çatan 3 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesablı "sülh"lə ayrılıb. Heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu isə 5-ə bərbərdir. “Neftçi” 1993/94 və 2010/11, “Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib. “İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.

Son xəbərlər

Orphus sistemi