Azərbaycan yığmasının yeni baş məşqçisi rəsmən açıqlanıb - YENİLƏNİB

Azərbaycan yığmasının yeni baş məşqçisi rəsmən açıqlanıb - YENİLƏNİB Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa verib
Futbol
7 Aprel , 2015 11:03
Azərbaycan yığmasının yeni baş məşqçisi rəsmən açıqlanıb - YENİLƏNİB

Bakı. 7 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məqşçisi rəsmən müəyyənləşib. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Məşqçilər Komitəsinin tövsiyəsi nəzərə alınmaqla, Təbriz Həsənov təyin olunub.

Artıq AFFA-nın rəhbərliyi T.Həsənovun U-16 yığmasından istefasını qəbul edib.

Qeyd edək ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa verib.

ilk xəbər saat 10:41-də yayımlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın futbol üzrə 17 və 19 yaşadək yığma komandalarının baş məşqçi postuna namizədlər aprelin 9-da açıqlanacaq. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

V.Sadıqovun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədovla ötən gün keçirilmiş görüşdə belə bir razılıq əldə olunub. O bildirib ki, komitə üzvləri yaxın iki gün ərzində namizədləri müəyyənləşdirməli və baş katibə təqdim etməlidirlər. Sədr sonuncu görüşdə hər iki komandanın baş məşqçi vəzifəsi ətrafında geniş müzakirələrin aparıldığını söyləyib: "Hazırkı durumda xüsusən, 17 yaşadək futbolçulardan ibarət yığmamıza kimin rəhbərlik etməsi daha önəmlidir. Çünki gələn il Bakıda bu yaş qrupu üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. Öz meydanımızda daha layiqli çıxış etmək üçün güclü komanda formalaşdırılmalıdır. Ona görə də baş məşqçi təyinatı zamanı daha diqqətli olmalıyıq".

Məşqçilər Komitəsinin sədri hazırda bu vəzifəni tutmağa əsas namizəd qismində hazırda U-16 yığmasına rəhbərlik edən Təbriz Həsənovun adını çəkib. T.Həsənovun yetişdirdiyi futbolçular gələn il U-17-də çıxış edəcəklərindən, V.Sadıqovun fikrincə, elə bu mütəxəssisin də vakant posta təyinatı daha məntiqəuyğun olardı. Lakin o, qərarı AFFA-nın verəcəyini xatırladıb. U-19 yığmasına gəlincə, komitə sədri namizədlərin bir neçə işsiz yerli mütəxəssis arasından seçiləcəyini bildirib. O, bütün hallarda baş məşqçilərin yalnız yerli məşqçilər olacağını vurğulayıb.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi postu Mirbağır İsayevin istefasından sonra boşalıb. U-19-un baş məşqçisi Nikolay Adam isə aprelin 1-dən Hindistanın U-15 millisində işə başlayıb.    

Son xəbərlər

Orphus sistemi