Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulub Premyer Liqanın II turunun oyunları avqustun 15-i və 16-da keçiriləcək
Futbol
10 Avqust , 2015 23:18
Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulub

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk turuna yekun vurulub. "Report"un məlumatına görə, ilk turun son oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyundan öncə açılış turu olduğu üçün Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və komanda kapitanlarının iştirakı ilə Dövlət Bayrağı qaldırılıb. Bundan əlavə start fitindən əvvəl "Neftçi" klubunun Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Bakıda keçirilən qarşılaşmada "Rəvan" və "Sumqayıt" komandaları üz-üzə gəlib. "Bayıl Arena"da baş tutan görüşün ilk hissəsində qapılara top vurulmayıb - 0:0. Qarşılıqlı hücumlar şəraitində keçən 90 dəqiqənin sonunda qalib müəyyənləşməyib və matç qolsuz bərabərliklə yekunlaşıb. Nəticədə tərəflər bir xalla kifayətlənməli olub.
Turun mərkəzi görüşü isə Qəbələdə baş tutub. Qəbələnin eyni adlı komandası "Qarabağ"ı sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində meydan sahibləri daha aktiv olub. Matçın 32-ci dəqiqəsində "qırmızı-qaralar"ın heyətində Sergey Zenyov fərqlənib. İlk hissə bu hesabla da başa çatıb. İkinci hissənin əvvəllərində qonaqlar üstünlüyü ələ almağı bacarıb. 62-ci dəqiqədə Ağdam təmsilçisinin hücumu zamanı Samir Zərgərovun Ansi Aqolliyə qarşı kobudluğunu baş hakim Əliyar Ağayev bağışlamayıb. FİFA referisi "Qəbələ"nin qapısına penalti zəribəsi təyin edib. Topa yaxınlaşan braziliyalı Riçard Almeyda rəqib qapıçı Dmitri Bezotosnını məğlub etməyi bacarıb və hesaba tarazlıq gətirib - 1:1. Matçın 83-ci dəqiqəsində braziliyalı futbolçu komandasının qəhrəmanına çevrilib. Almeyda komandasının və özünün 2-ci qolunu vurub. 3 dəqiqə sonra isə "Qəbələ"nin qapısına vurulan ilk qolda rolu olan S.Zərgərov bu dəfə azarkeşləri sevindirib. 66 nömrəli futbolçu hesaba tarazlıq gətirib - 2:2. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və görüş bu hesabla da başa çatıb.
Qeyd edək ki, Premyer Liqanın II turunun oyunları avqustun 15-i və 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi