Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
"Report"un məlumatına görə, günün yeganə oyunu Qəbələdə keçiriləcək.
Qəbələnin eyniadlı komandası Bakının "Rəvan" klubunu qəbul edəcək. Paytaxt təmsilçisi qalan 7 turda xal toplayaraq sonuncu pillədən xilas olmağa çalışırsa, "Qəbələ" avrokuboklar üçün mübarizə aparır. Hazırda 5-ci pillədə qərarlaşan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə bir pillə yüksələcək. Komandalar bugünədək 11 dəfə qarşılaşıb. Bu görüşlərin 7-si "Qəbələ", 2-si isə "Rəvan"In qələbəsi ilə yekunlaşıb. Qalan 2 oyunda bərabərlik qeydə alınıb. "Rəvan" son 8 qarşılaşmada qalib gəlməyib.
Azərbaycan çempionatı, XXX tur
16:00. "Qəbələ" – "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları 16 və 17 apreldə keçiriləcək.