Bu gün Azərbaycan Premyer Liqasında XI turun ilk 3 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XI turun ilk 3 oyunu keçiriləcək Qarşılaşmalar ilk pillələrdə yer alan komandaların iştirakı ilə baş tutacaq
Futbol
31 Oktyabr , 2015 09:35
Bu gün Azərbaycan Premyer Liqasında XI turun ilk 3 oyunu keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Əvvəlcə "İnter" eyniadlı arenada "Zirə"ni sınağa çəkəcək. Hazırda "bankirlər" 18 xalla 3-cü, "qartallar" 17 xalla 4-cü pillədədir. Hər iki komanda ötən turu heç-heçə ilə başa vurub.

Digər 2 matç noyabrın 5-də Avropa Liqasının qrup mərhələsində IV turun görüşlərinə çıxacaq "Qəbələ" və "Qarabağ"ın iştirakı ilə keçiriləcək. Son 2 turda qələbəyə həsrət qalan "qırmızı-qaralar" əvvəlki 4 turda məğlubiyyət üzü görməyən "Kəpəz"i qəbul edəcək. Əslində, bu oyun Gəncədə keçirilməli idi. Amma "Nizami Yurdu"nda yağışlarla əlaqədar ot örtüyünün sıradan çıxma təhlükəsi yerdəyişməyə səbəb olub. Növbəti 2 dövrədə ev sahibi "Kəpəz" sayılacaq.

Premyer Liqanın lideri "Qarabağ" isə uğursuzluq zolağından çıxmağı bacaran AZAL-ı qəbul edəcək. Bu görüşdə "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov vaxtilə futbolçu kimi şərəfini qoruduğu Ağdam komandasına rəqib olacaq.

31 oktyabr (şənbə)

16:00. "İnter” (Bakı) – "Zirə” (Bakı)

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı, "İnter Arena”

Əvvəlki qarşılaşma: 1 oyun, +0=1-0, top fərqi 0-0

Paytaxt təmsilçiləri ikinci dəfə üz-üzə gələcək. Cari mövsümdə keçirilən ilk dueldə qol vurulmayıb.

18:00. "Qəbələ” – "Kəpəz” (Gəncə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

Əvvəlki qarşılaşmalar: 9 oyun, +2=4-3, top fərqi 5-8

İndiyədək səfərdə çıxış edən komanda qalib gəlməyib. Son 3 oyunda meydan sahibi qapısını toxunulmaz saxlayıb. Ardıcıl 5 matçda qonaq tərəf xal əldə edə bilməyib.

19:00. "Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

Əvvəlki qarşılaşmalar: 27 oyun, +16=6-5, top fərqi 36-24

AZAL-la oyunlarda ardıcıl 7 qələbə qazanan “Qarabağ” 8 matçdır meydanı qolsuz tərk etmir. Ağdam təmsilçisi son 3 ev oyununda eyni – 2:1 hesabı ilə qalib gəlib. AZAL son 4 səfər matçında qol vurub.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar noyabrın 1-də oyun keçirilməyəcək. Noyabrın 2-də isə "Sumqayıt" "Neftçi"ni, "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi