Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək "Neftçi" klubu "İnter"in qonağı olacaq
Futbol
18 Sentyabr , 2016 08:10
Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Meydana birinci "Sumqayıt" və Gəncənin "Kəpəz" klubları çıxacaq. Turnir cədvəlində qonşu olan komandaların görüşü hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Hesabına 3 xal yazacaq komanda turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq. Hazırda "Kəpəz" 5 xalla 5-ci, "Sumqayıt" isə 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar bu günə qədər ölkə çempionatlarında 12 dəfə üz-üzə gəlib. Bu görüşlərdə hər iki komandanın qələbə və məğlubiyyət sayı, eləcə də bərabər bitən oyunlar 4-ə bərabərdir. "Sumqayıt" son 5 oyunda qələbə qazana bilməyib. "Gənclik şəhəri" təmsilçisi evdə keçirdiyi bütün oyunlarda qol sevinci yaşayıb.

Günün digər maraqlı oyununda isə "İnter" və "Neftçi" komandaları qarşılaşacaq. 4 oyundan 8 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "bankirlər" "İnter Arena"da baş tutacaq görüşdə qələbə qazanarsa, sabah keçiriləcək "Qarabağ" - "Zirə" oyununun nəticəsindən asılı olaraq liderliyə yüksələ bilər. Uğursuzluq zolağından çıxa bilməyən "Neftçi" üçün isə bu görüş xüsusi əhəmiyyət kəsb edir. Vəli Qasımovla yollar ayrıldıqdan sonra baş məşqçi təyin olunan Elxan Abdullayev yeni komandası ilə ilk oyununa çıxacaq. Ötən tur "Qəbələ" ilə oyunda qeydə alınan 0:8 hesablı məğlubiyyətin unudulması və motivasiya üçün "ağ-qaralar" paytaxt derbisini 3 xalla başa vurmağa çalışacaq. Bu günədək ölkə çempionatlarında 47 dəfə üz-üzə gələn komandaların duelində "Neftçi" üstün tərəfdir. Bu görüşlərin 12-də "İnter", 21-də isə "Neftçi" qələbəyə sevinib. 14 oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" son 3 oyundan qolsuz və xalsız ayrılmayıb. "İnter"in meydanındakı son 3 qarşılaşmada qol vuran komanda qalib gəlib.

Azərbaycan Premyer Liqası, V tur

18 sentyabr

18:00. "Sumqayıt" – "Kəpəz"

Sumqayıt. "Kapital Bank Arena"

20:00. "İnter" – "Neftçi"

Bakı. "İnter Arena"

Qeyd edək ki, tura sentyabrın 19-da keçiriləcək "Qəbələ" - AZAL və "Qarabağ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Komandalar O Q B M T-F X
"Qarabağ" 4 3 0 1 12-2 9
"İnter" 4 2 2 0 6-4 8
"Qəbələ" 4 2 1 0 10-0 7
"Zirə" 4 2 0 2 4-4 6
"Kəpəz" 4 1 2 1 4-4 5
"Sumqayıt" 4 1 0 2 2-4 3
"Neftçi" 4 1 0 3 2-12 3
AZAL 4 0 1 3 1-11 1

Bombardirlər:

Baqali Dabo ("Qəbələ") - 4 qol

Ruslan Abışov ("İnter") - 3 qol

Reynaldo Silva ("Qarabağ") - 3 qol

Son xəbərlər

Orphus sistemi