Azərbaycan Premyer Liqasında oynamağa hazır olan I Divizion klubunun adı açıqlanıb

Azərbaycan Premyer Liqasında oynamağa hazır olan I Divizion klubunun adı açıqlanıb Ramin Musayev: ""Klubdan hər gün mənə zəng edirlər"
Futbol
16 May , 2016 16:47
Azərbaycan Premyer Liqasında oynamağa hazır olan I Divizion klubunun adı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ 2016-2017 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etməyə hazır olan I Divizion klubunun adı açıqlanıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Report"a verdiyi məlumata görə, bu, "Şərurspor" klubudur.

R.Musayev bildirib ki, klubun prezidenti Sərdar Bağırov Premyer Liqada oynamaq imkanı yaradılmasını israrla xahiş edir: "Klubdan hər gün mənə zəng edirlər. Deyirlər ki, Premyer Liqada iştirak üçün maliyyə durumları da imkan verir və böyük məmnuniyyətlə gəlmək istəyirlər. Hətta hansı bankdan nə cür təminat tələb olunursa, müvafiq məktubu da gətirməyə hazırdırlar. Yəni klubun maliyyə durumu imkan verir. Sərdar müəllim bütün şərtlərə, şəraitə uyğun komanda təşkil edib Premyer Liqaya qatılmağa hazır olduqlarını bildirib".

PFL prezidentinin sözlərinə görə, klub ev oyunlarını Naxçıvanın Şərur rayonunda da keçirməyə hazırdır: "İstəyirlər ki, rəqibləri Şərurda qəbul etsinlər. Amma komandalarımızın ora gediş-gəliş problemi olduğundan, hələ bu məsələni danışmamışıq. Amma ev oyunlarını Bakıda keçirə bilərlər. Biz onlarla danışdıq. Bakı ətrafında torpaq sahəsi almağa, yenidən stadion tikməyə hazırdırlar. Yəni futbola maliyyə qoymaq istəyən insanlarımız var".

Qeyd edək ki, "Şərurspor" I Divizionda 2015-2016 mövsümündən çıxış etməyə başlayıb. Klub çempionatı 14 komanda arasında 28 xalla 11-ci pillədə başa vurub.  

Son xəbərlər

Orphus sistemi