Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək Oyunlar Bakı və Sumqayıtda olacaq
Futbol
6 Fevral , 2016 11:40
Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki görüş baş tutacaq. "Report"un məlumatına görə, oyunlar Bakı və Sumqayıtda olacaq.

Günün ilk qarşılaşmasında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gələcək. 18 xalla 8-ci pillədə qərarlaşan meydan sahibləri görüşdən 3 xalla ayrılarsa, ən yaxın qonşuları AZAL-la xal fərqini 4-ə endirəcək. Turnir cədvəlinin ikinci pilləsində dayanan "Zirə" isə çempionluq yoluna davam etmək üçün qələbə qazanmalıdır. Bu, Adil Şükürovun rəhbərlik etdiyi komandanı lider "Qarabağ"a bir az daha yaxınlaşdıracaq. Cari mövsümədək qarşılaşmayan komandaların ilk iki oyununda "Zirə" məğlub olmayıb. Qarşılaşmaların biri bərabərlik (0:0), digəri isə "Zirə"nin qələbəsi ilə başa çatıb (3:2).

Növbəti oyunda isə "Qarabağ" və "Xəzər Lənkəran" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qalib gələcəyi təqdirdə çempionluq yolunda ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini artıracaq. Mövsümün ikinci yarısına gənc heyətlə start verən "Xəzər Lənkəran" isə sonuncu pillələrdən qurtulmaq üçün mütləq qələbə qazanmalıdır. Belə olan halda 13 xalla 9-cu pillədə olan "ağ-yaşıllar" ən yaxın qonşusu "Sumqayıt"la xal fərqini 2-yə endirəcək.

Turun digər qarşılaşmaları fevralın 7-də keçiriləcək.

15:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt. "Kapital Bank Arena"

17:30. "Qarabağ" – "Xəzər Lənkəran"

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Kərim Ağayev

Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "Rəvan"ı qəbul edib və matç 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi