Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun daha bir oyunu keçiriləcək. "Report"un məlumatına görə, çempionatın debütantı "Zirə" doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək.
Görüş "Zirə" İdman Kompleksinin stadionunda baş tutacaq. Komandalar VI turun nəticəsinə əsasən qonşu pillələrdə yer alıblar. Aktivində 12 xal olan "Zirə" 4-cü, 9 xal olan "Neftçi" isə 5-ci pillədədir.
Bugünkü görüşdə meydan sahibləri qələbə qazanacağı və oyun heç-heçə bitəcəyi təqdirdə turnir cədvəlindəki mövqeyini möhkəmləndirəcək. "Ağ-qaralar" isə meydanı qalib tərk edəcəyi halda "Zirə" ilə xallarını bərabərləşdirəcək.
Əliyar Ağayevin baş hakim olacağı qarşılaşma saat 19:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası, VII tur
19:00. "Zirə" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun ilk oyununda AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.