Bakı. 9 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turuna yekun vurulub.
Report"un məlumatına görə, iki gün davam edən turun son oyununda "Bakı" və AZAL komandaları qarşılaşıb.
Qarşılaşma "təyyarəçilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyun günündə isə 3 görüş baş tutub. "Xəzər Lənkəran" doğma meydanda turnir cədvəlinin hazırkı lideri "Qarabağ"la sülh bağlayıb - 1:1. "Qəbələ" səfərdə "Sumqayıt"ın qapısından 2 cavabsız top keçirib və turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Paytaxt derbisində isə "İnter" və "Neftçi" komandaları üz-üzə gəlib. "İnter Arena"da keçirilən qarşılaşmada "bankirlər" rəqib qapısından 4 cavabsız top keçirməklə lider "Qarabağ"la xal fərqini 6-ya endirib.