Ölkə Kubokunda 1/4 finalın ilk görüşləri keçiriləcək

Ölkə Kubokunda 1/4 finalın ilk görüşləri keçiriləcək "Zirə" doğma meydanda "Qəbələ"ni qonaq edəcək
Futbol
2 Mart , 2016 08:35
Ölkə Kubokunda 1/4 finalın ilk görüşləri keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, oyunların 3-ü Bakıda, 1-i isə Lənkəranda keçiriləcək.

İlk oyunda iki əzəli rəqib - "Xəzər Lənkəran" və "Neftçi" komandaları qarşılaşacaq. Prinsipial rəqiblərin kubokdakı yolları iki dəfə kəsişib. 2010/11 mövsümündə baş tutan ən məhsuldar oyunda "Xəzər Lənkəran" səfər qələbəsi qazanıb – 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, 120 dəqiqəsi heç-heçə başa çatan 3 il əvvəlki duel penaltilər seriyasınadək davam edib. "Neftçi" kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalın qalibinin müəyyənləşdiyi penaltilər seriyasında üstələyib.

"Qarabağ" öz meydanında "Sumqayıt"ı sınağa çəkəcək. Rəqiblərin yeganə kubok dueli 5 il əvvələ təsadüf edib. 1 oyundan ibarət 1/8 final matçında böyükhesablı qələbə qazanan (3:0) "Qarabağ" mərhələ adlayıb.

Bu cütlük kimi "Zirə" və "Qəbələ" komandaları da ölkə kubokunda üz-üzə gəlməyiblər. Premyer Liqada uğurlu debüt edən "Zirə" kubokda da yoluna davam etmək arzusundadır. Çempionatda ilk üçlüyün son pilləsində qərarlaşan "Qəbələ" də avrokubok şanslarını bir az da artırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Bu qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

"Rəvan" və "İnter" komandaları isə indiyədək qarşılaşmayıblar. Premyer Liqanın sonuncu pilləsində qərarlaşan "Rəvan"ın qələbə qazanacağı inandırıcı görünmürsə, "İnter" üçün avrokuboklara gedən ən asan yolun kubokdan keçdiyini demək olar.

Cavab görüşləri martın 9-da keçiriləcək.

Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar

14:00. "Xəzər Lənkəran" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Azərsun Arena"

18:00. "Zirə" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Bakı. Zirə İdman Kompleksinin stadionu

19:00. "Rəvan" – "İnter"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi