Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər "Qarabağ" Bakıda, "Qəbələ" Salonikidə qalib gəlməlidir
Futbol
26 Noyabr , 2015 12:04
Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Bakı. 26 noyabr. REPORT. AZ/ Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" və "Qəbələ" klubları bu axşam V tur qarşılaşmalarına çıxacaqlar. "Report"un məlumatına görə, əvvəlcə Ağdam təmsilçisi İngiltərə "Tottenhem"ini sınağa çəkəcək.

Bu, Azərbaycan təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi son qrup oyunu olacaq. 4 turdan sonra "Qarabağ" J qrupunda 4 xalla Belçika Anderlext"i ilə birgə 3-4-cü yerləri bölüşdürür. "Tottenhem" isə 7 xalla qrup lideridir. Heç-heçə təqdirində, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda növbəti mərhələ şanslarını itirə bilər. Bu, qrupun digər matçında 6 xala malik Fransa "Monako"sunun "Anderlext"i yenəcəyi təqdirdə, gerçəkləşəcək. İngiltərə və Azərbaycan təmsilçilərinin Londondakı ilk görüşündə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. "Qarabağ" 2:0 hesabı və ya 3 top fərqi ilə qalib gələcəyi halda, şəxsi oyunlarda üstünlük əldə edəcək və rəqibini üstələyərək, ən azı 2-ci pilləyə yüksələcək.

"Tottenhem" Bakıya 7 aparıcı futbolçusunu gətirməyib. Mussa Dembele, Denni Rouz və Kayl Uolkerə İngiltərə Premyer Liqasında noyabrın 29-da "Çelsi" ilə keçirəcəkləri oyunla əlaqədar istirahət verilib, Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard və Erik Lamela isə zədəlidir.

"Qarabağ"ın heyətində isə zədə səbəbindən Əlhərbi Əl-Jadeyui ilə Reynaldo oynamayacaq. Baş məşqçi Qurban Qurbanov kapitan Rəşad Sadıqovun meydana çıxma ehtimalının olduğunu, amma yekun qərarı oyun ərəfəsində verəcəyini açıqlayıb.

"Qəbələ" isə Yunanıstanda PAOK-un qonağı olacaq. Bu görüş "qırmızı-qaralar" üçün böyük əhəmiyyət daşıyır. Hələ də növbəti mərhələ şansı qalan Roman Qriqorçukun başçılıq etdiyi komanda səfərdə mütləq PAOK üzərində qələbə qazanmalıdır. Almaniyanın "Borussiya" və Rusiyanın "Krasnodar" komandalarının görüşündə Dortmund təmsilçisi qələbə qazanarsa, "qırmızı-qaralar" qrup üçüncüsü olacaq. Sonuncu turda isə Bakıda ikinci pillənin sahibi "Krasnodar"a hətta minimal hesabla qalib gəlməklə, qrup ikincisi kimi mərhələ adlamaq olar. Amma hazırda komandanın qarşısındakı hədəf Saloniki təmsilçisini məğlub etməkdir.

Ancaq bu "Qəbələ" üçün asan olmayacaq. Fakundo Pereyra və Dodonun yoxluğu, üstəlik, Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zetsin zədədən yeni qayıtmaları Qriqorçukun işini çətinləşdirən amillərdəndir. Digər məqam isə azarkeşlərlə bağlıdır. Yunanıstanlı fanatlar komandalarını çılğın şəkildə dəstəkləyirlər və bu da qonaqların oyununa maneəsiz ötüşməyəcək.

Avropa Liqası

Qrup mərhələsi, V tur

26 noyabr

J qrupu

22:00. "Qarabağ" (Azərbaycan) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Tasos Sidiropulos

Yan xətt hakimləri: Damians Eftimiadis, Polixronis Kostaras

Əlavə köməkçi hakimlər: Mixael Kukulakis, Stavros Tritsonis

Dördüncü hakim: Lazaros Dimitriadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

27 noyabr

C qrupu

00:05. PAOK (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks

Dördüncü hakim: Lars Hummelqard

Əlavə köməkçi-hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hamısı Danimarka)

Hakim-inspektor: Uilyam Yanqa (Şotlandiya)

UEFA nümayəndəsi: Kris Bellon (Belçika)

Saloniki. “Tumba” stadionu

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. 

Son xəbərlər

Orphus sistemi