​Azərbaycan yığmasının futbolçusu Xorvatiya klubu ilə müqaviləni uzatmaq istəmir

​Azərbaycan yığmasının futbolçusu Xorvatiya klubu ilə müqaviləni uzatmaq istəmir "Hələlik karyeramı harada davam etdirəcəyimi müəyyənləşdirməmişəm"
Futbol
26 May , 2015 09:35
​Azərbaycan yığmasının futbolçusu Xorvatiya klubu ilə müqaviləni uzatmaq istəmir

Bakı. 26 may. REPORT.AZ/ "Hayduk"un Avropa Liqasına vəsiqə qazanmasına çox sevindim. Bütün kollektivi, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Bu nəticəni əldə etmək üçün klubun uğuru naminə çalışdıq". Bunu "Report"a açıqlamasında Xorvatiyanın "Hayduk" (Split) klubunda icarə əsasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov deyib.

Formasını geyindiyi komandanın Xorvatiya çempionatında 3-cü yeri tutmasına münasibət bildirən hücumçu yeni mövsümdən klubda qalıb-qalmayacağını dəqiq bilmədiyini açıqlayıb. Split təmsilçisinin əməkdaşlığı davam etdirmək istədiyini qeyd edən R.Qurbanov az oynamasından narahatçılığını dilə gətirib: "Ona görə də anlaşmanı uzatmağa hələlik razılaşmıram. Digər variantlarım da var. Xorvatiyada mənə çətindir. Viza problemi ilə əlaqədar ailəm də yanımda deyil. Dini baxımdan da çətinliklər var. Buna görə də hələlik karyeramı harada davam etdirəcəyimi müəyyənləşdirməmişəm. İlk növbədə, "Neftçi"yə qoşulacaq, rəhbərliklə danışacaq və sonra gələcəyimi müəyyənləşdirəcəyəm".

O, müqavilə ilə məxsus olduğu "Neftçi" klubunun Azərbaycan Premyer Liqasındakı çıxışından da danışıb. 24 yaşlı futbolçu bildirib ki, çempionatı uğursuz keçirən flaqman bunu kuboku qazanmaqla əvəzləyə bilər: "Amma unutmayaq ki, "Qarabağ" çox güclüdür və "qızıl dubl" etmək istəyir. Bu, bir oyundur və hər biri qalib gələ bilər. Çox maraqlı oyun olacaq. Hətta deyə bilərəm ki, Azərbaycanın iki ən güclü komandasının derbisi keçiriləcək. Amma ümidvaram ki, "Neftçi" qalib gələcək, yeni rəhbərliyi, azarkeşləri və "Neftçi"nin uğurları naminə çalışan bütün əməkdaşlarını sevindirəcək".

Lakin futbolçu Azərbaycan kubokunun final görüşünü izləyə bilməyəcək. Buna səbəb onun yığmanın tərkibində Serbiya ilə iyunun 7-də keçiriləcək yoldaşlıq görüşünə, bundan 4 gün sonra isə Norveçlə görüşlərə hazırlaşmasıdır: "Təlim-məşq toplanışımız iyunun 1-də başlayacaq. Həmin gün mən Xorvatiyadan Avstriyaya uçaraq, yığmaya qoşulacağam".

Milli komandanın keçirəcəyi görüşlərlə bağlı fikirlərini bildirən R.Qurbanov Serbiya və Norveç yığmalarını güclü komanda adlandırıb. Onun sözlərinə görə, yığma Osloya məğlub olmağa getmir və uduzmamaq üçün sonadək mübarizə apararaq qələbə üçün bütün gücünü ortaya qoyacaq: "Bəli, çətin olacaq. Amma bu, futboldur. Uğur bizim tərəfimizdə olsa və imkanlarımızdan yararlansaq, müsbət nəticəyə nail olacağıq. Serbiya ilə oyun isə Norveçlə qarşılaşma öncəsi sınaq xarakteri daşıyacaq. Serbiya heyətinə görə güclüdür. Aparıcı komandalarda çıxış edən bütün güclü futbolçular burada cəmləşib. Uduzmamaq üçün mümkün hər şeyi edəcəyik. Belə matçlar yalnız xeyrimizə işləyəcək".

Qeyd edək ki, müqavilə üzrə "Neftçi"yə məxsus olan Ruslan Qurbanov "Hayduk"a qışda yarım illik icarəyə verilib.  

Son xəbərlər

Orphus sistemi