Azərbaycan çempionatında XIX turun iki oyunu keçirilib

Azərbaycan çempionatında XIX turun iki oyunu keçirilib “Qəbələ” çempionata məğlubiyyətlə başlayıb
Futbol
30 Yanvar , 2016 18:42
Azərbaycan çempionatında XIX turun iki oyunu keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun iki oyunu keçirilib.

"Report"un məlumatına görə, görüşlər Gəncə və Bakıda baş tutub.

"Kəpəz" doğma azarkeşlər önündə "Qəbələ" ilə qarşılaşıb. Meydan sahibləri oyuna daha fəal başlayıblar. Nəticədə matçın 26-cı dəqiqəsində Julien Ebah komandasını hesabda önə çıxarıb. İlk hissə "sarı-göylər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissə də Şahin Diniyevin rəhbərlik etdiyi komandanın üstünlüyü ilə keçib. Əvvəlcə oyunun 57-ci dəqiqəsində Namiq Ələsgərov fərqlənib. 75-ci dəqiqədə isə Ebah dubl edib. Qarşılaşma "Kəpəz"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz" bu qələbədən sonra xal hesabını 29-a çatdırıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Aktivində 28 xal olan "Qəbələ" isə turnir cədvəlində 5-cidir.

Günün son oyunu isə paytaxtda keçirilib. "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə "ağ-qaralar"ın futbolçusu Ruslan Qurbanov adını tabloya yazdırıb - 1:0. Qarşılaşma bu hesabla da yekunlaşıb.

"Neftçi" XIX turdan sonra 27 xalla turnir cədvəlində 6-cı, "Sumqayıt" isə 18 xalla 8-ci pillədədir.
Qeyd edək ki, turun digər oyunları yanvarın 31-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi