AZAL klubunun vitse-prezidenti: "Yolumuza Tərlan Əhmədovla davam edəcəyik" - MÜSAHİBƏ

AZAL klubunun vitse-prezidenti: "Yolumuza Tərlan Əhmədovla davam edəcəyik" - MÜSAHİBƏ "Komandamızın dönüş nöqtəsi "İnter"lə oyun olacaq"
Futbol
20 Sentyabr , 2016 16:29
AZAL klubunun vitse-prezidenti: Yolumuza Tərlan Əhmədovla davam edəcəyik - MÜSAHİBƏ

Bakı. 20 sentyabr. REPORT.AZ/ AZAL futbol klubunun vitse-prezidenti Fikrət Hüseynovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasında 5 turdan sonra AZAL cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb. Vəziyyəti necə dəyərləndirirsiniz?

- Ötən mövsüm də V turdan sonra nə xal qazanmış, nə də qol vurmuşduq. Bu il də elə başladıq. Komandanın liderlərindən Rail Məlikov, Stanislav Namaşko və Murad Səttarlı ayrıldı. Onların yerini doldurmaq çətindir. Amma baş məşqçimiz Tərlan Əhmədov komandanın vəziyyətini yaxşılığa doğru dəyişdirməkdədir. "Qəbələ" və "Qarabağ"la son oyunlar göstərdi ki, müdafiədə bir qədər zəiflik var. Unutmamalıyıq ki, hər iki rəqib oturuşmuş komandadır və onlarla oynamaq çətindir. Bu rəqiblər yaxşı futbol nümayiş etdirir. Biz də gənc komandayıq. Düşünürəm ki, Tərlan müəllim komandanı tezliklə optimal formaya yaxınlaşdıracaq. İlk qələbəmizi də "İnter"lə oyunda əldə edəcəyik.

- Ancaq Tərlan Əhmədov sentyabrın 24-də "İnter"lə keçirəcəyiniz oyundan sonra istefa vermək niyyətindədir. "Qəbələ"yə 0:3 hesabı ilə uduzduğunuz görüşdən sonra buna işarə vurub...

- Ola bilər ki, bu söz isti başla deyilib. Hər məşqçi istəyər ki, yaxşı komandası olsun. Uduzmaq olar, amma oyun göstərməyəndə, futbolçular gözləniləni verməyəndə çətin olur. Yəni ki, bunlar Tərlan müəllimin belə danışmağına səbəb olub. Bu gün baş məşqçimizlə görüşdük. Söhbət etdik və hər şey normaldır. Onunla yola davam edəcəyik. Tərlan Əhmədov gözəl məşqçidir. Ümid edirik ki, komanda yaxşı formaya düşəcək. "İnter"lə oyundan öncə də iclasımız olacaq. İnanıram ki, hər şey müsbət sonluqla nəticələnəcək.

- Deyəsən, bu gün futbolçularla bir süfrə arxasında bir araya gəlmisiniz. Komanda üzvləri sosial şəbəkələrdə belə şəkillər paylaşıb...

- Xəbərim yoxdur. Ola bilər ki, Tərlan müəllim komandanın əhval-ruhiyyəsini yüksəltmək üçün belə bir addım atıb. Son vaxtlar futbolçular komandamızdan ayrıldı, çətinlik çəkirik. İnanıram ki, vəziyyət düzələcək və ev oyununda ilk qələbəmizi qazanacağıq. Fürsətdən istifadə edərək, hamınızı "İnter"lə oyunda "AZAL Arena"ya dəvət edirəm. Tam fərqli bir komanda - ötən mövsümdəki AZAL-ı görəcəksiniz. Komandamızın dönüş nöqtəsi "İnter"lə oyun olacaq.

- Yay transfer dövründə komandaya səviyyəli futbolçu ala bilmədiyinizi dediniz. Olmazmı ki, heyətə azad agent statuslu oyunçular dəvət edəsiniz?

- Düzü, bunu etmək istəyirdik. Amma alınmadı.

- Əksinə, Seymur Əsədovu da əldən buraxdınız...

- Belə alındı. Bir az formada deyildi, buraxmalı olduq. Əməliyyat olunduqdan sonra komandaya qoşuldu. Təlim-məşq toplanışlarında, yoldaşlıq oyunlarında özünü yaxşı tərəfdən göstərmədi. Bu səbəbdən baş məşqçimiz ondan imtina etdi.

- Azad agent kimi hansı futbolçunu gətirmək istəyirdiniz?

- Elə bir futbolçu yox idi. Axtarırdıq, istəyirdik. Amma tapa bilmədik. Bəzilərinin də qiyməti baha olduğundan, büdcəmizə uyğun gəlmirdi.

- Büdcədən söz düşmüşkən, 150 minlik büdcə ilə nə etmək olar? Bu heç divizion klubunun büdcəsi qədər deyil. Belə çıxır ki, göz görə-görə aşağı dəstəyə doğru gedirsiniz...

- Bizim büdcəmiz belədir. Ümid edirik ki, gələn il başqa cür olar. Premyer Liqada qalsaq, bu iş belə davam edə bilməz.

- Qışda büdcənin artırılması mümkündür?

- Mümkündür. Ola bilsin ki, rəhbərliklə görüşüb komandaya 2-3 futbolçu götürək. Tərlan müəllimlə də görüşdə bu barədə söhbət etmişik. Qışda transfer çətin olur, amma etməliyik. Hər mövqeyə bir oyunçu götürüb, boşluqları doldura bilərik.

- Qolunda şiş aşkarlanan keçmiş futbolçunuz Rüfət Musayevlə bağlı nə yenilik var? Vəziyyəti necədir?

- Hazırda vəziyyət normaldır. Əlaqə saxlayırıq, əlimizdən gələn köməkliyi edirik. Ümid edirik ki, yaxşı olacaq. Əsas bu xəstəlikdən xilas olsun.

Son xəbərlər

Orphus sistemi