Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının qrup mərhələsində çıxış edən Azərbaycanın "Qəbələ" klubu növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, "C" qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransa "Sent-Etyen"i olub.
"Qırmızı-qaralar" ardıcıl 3-cü məğlubiyyətlərini alaraq qrupdan çıxmaq şanslarını azaldıblar. Oyunda vurulan yeganə qolun müəllifi "Qəbələ"nin braziliyalı müdafiəçisi Rikardinyo olub. O, rəqibin 70-ci dəqiqədə cərimə zərbəsindən qapı önünə qaldırdığı topu baş zərbəsi ilə öz qapısına göndərib.
Roman Qriqorçukun komandası ilk olaraq Belçikada "Anderlext"ə 1:3, ardından Bakıda Almaniya "Maynts"ına 2:3 hesabı ilə uduzub. Göründüyü kimi, bu dəfə "Qəbələ" qol vurmağa da müvəffəq olmayıb.
Avropa Liqası, qrup mərhələsi, III mərhələ
20 oktyabr
"Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan) - 0:1
Qol: Rikardinyo, 70 - öz qapısına
Baş hakim: Ali Palabıyık
Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan
Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)
Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Yakob Erel (İsrail)
Sent-Etyen. Joffrua Qişar Stadionu
Qrupda vəziyyət: "Maynts" - 5. "Anderlext" - 5. "Sent-Etyen" - 5. "Qəbələ" - 0.
***23:06, 20 oktyabr
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
"Report" xəbər verir ki, "Qarabağ" klubunun ardından Azərbaycanın turnirdə ikinci təmsilçisi olan "Qəbələ" də meydana çıxıb.
"C" qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransanın "Sent-Etyen" kollektividir. "Qırmızı-qaralar" səfər görüşündə qələbə qaznacaqları təqdirdə qrupdakı vəziyyətlərini bir qədər yaxşılaşdıraraq 3-cü pilləyə yüksələcəklər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın qrupdan çıxmaq şanslarını xeyli azaldacaq. "Qəbələ" qrupda keçirdiyi ilk iki oyunda məğlub olub. İlk olaraq Belçikada "Anaderlext"ə 1:3 hesabı ilə uduzan komanda Bakıda Almaniya "Maynts"ı ilə görüşdən də 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
"Qarabağ" isə Bakıda Yunanıstan PAOK klubunu məğlub edərək "J" qrupunda ikinci pilləyə yüksəlib.