​Arçil Arveladze: Gürcüstan - Azərbaycan dostluğuna heç kim xələl gətirə bilməz

​Arçil Arveladze: Gürcüstan - Azərbaycan dostluğuna heç kim xələl gətirə bilməz “Ölkələrimiz çox yaxşı dostluq münasibətlərində yaşayırlar”
Futbol
4 İyul , 2015 18:36
​Arçil Arveladze: Gürcüstan - Azərbaycan dostluğuna heç kim xələl gətirə bilməz

Bakı. 4 iyul. REPORT.AZ/ "AFFA ilə çox yaxşı, dostluq münasibətindəyik".

Bunu "Report"a açıqlamasında Gürcüstan Futbol Federasiyasının (GFF) idman direktoru və ötənlərin tanınmış futbolçusu Arçil Arveladze deyib.

O bildirib ki, dostluq münasibətləri təkcə GFF və AFFA rəhbərliyi arasında deyil, həm də Tbilisi və Bakı, Gürcüstan və Azərbaycan səviyyəsindədir:

"Bu, belə də olmalıdır. Ölkələrimiz çox yaxşı dostluq münasibətlərində yaşayırlar. Hesab edirəm ki, bu dostluğa heç kim xələl gətirə bilməz".

A.Arveladze hələlik iki ölkə yığması arasında yoldaşlıq görüşünün keçirilməsinə dair razılaşmanın olmadığını da söyləyib. Veteran futbolçu səbəb kimi Gürcüstan və Azərbaycan millilərinin növbəti ilədək təqvim planının dolduğunu göstərib.

Bununla belə, Federasiya rəsmisi Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının Bakıda təşkil olunan yarışlara müntəzəm qatıldıqlarını xatırladıb. GFF nümayəndəsi hazırda Gürcüstan millisinə rəhbərlik edən Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Sxadadzenin fəaliyyətindən də danışıb. O, 47 yaşlı mütəxəssisin işindən razılıq ifadə edib:

"Artıq yeni baş məşqçinin rəhbərliyi altında millimiz 3 oyun keçirib. Komandamız artıq fərqli sistemlə oynamağa başlayıb. Əvvəllər "Simurq"da çalışmış Georgi Çixradze də indi millidə Sxadadzenin köməkçisidir. Fikrimcə, hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Qəbələ"nin Tbilisidə "Dinamo" ilə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə azərbaycanlı azarkeşlər yerli fanatların təzyiqi ilə üzləşib. Oyun zamanı isə Boris Payçadze adına stadionun tribunasında Zaqatala və Qaxın Gürcüstan ərazisi olduğuna dair banner nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi