Bakı. 5 oktyabr. REPORT.AZ/ Zimbabvenin "Xvanqe" klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasının (FİFPro) məlumatında bildirilir.
Oyunçular klub rəhbərliyinin əmək haqlarının ödənilməsi ilə bağlı bütün əvvəlki tələblərə məhəl qoymamasından sonra tətil elan ediblər. Aksiyanı Zimbabve Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır. Lakin klub rəhbərliyi rəsmi təşkilatın da sorğularına məhəl qoymur. Qeyd olunur ki, komandanın futbolçuları iki ildir ki, əmək haqqı borclarını gözləyirlər.
Klubun iki il ərzində (2015, 2016) hər futbolçuya 2750 dollar borcu yaranıb.