AFFA və "Bakcell" arasında Avropa çempionatına sponsorluqla bağlı müqavilə imzalanıb

AFFA və "Bakcell" arasında Avropa çempionatına sponsorluqla bağlı müqavilə imzalanıb Şirkət Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil telefon aparatları və simkartlarla təmin edəcək
Futbol
9 Mart , 2016 17:54
AFFA və Bakcell arasında Avropa çempionatına sponsorluqla bağlı müqavilə imzalanıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün "Bakcell" şirkətinin baş ofisində UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın Yerli Təşkilat Komitəsi ilə "Bakcell" şirkəti arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. "Report"un məlumatına görə, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer imzalayıb.

Anlaşma şərtlərinə əsasən, "Bakcell" şirkəti Avropa çempionatının təşkilati işlərinə maliyyə vəsaiti ilə töhfəsini verməkdən əlavə, turnirin mobil rabitə partnyoru olaraq Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil telefon aparatları və simkartlarla təmin edəcək. "Bakcell" şirkəti Avropa çempionatının sponsoru olmaqla turnirin adından və rəsmi elementlərindən istifadə etməklə yanaşı, bir çox reklam hüquqlarına sahib olacaq.

Elxan Məmmədov bildirib ki, 2012-ci ildən "Bakcell" şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə, Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir: "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkili zamanı da biz "Bakcell" şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə "Bakcell" bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, "Bakcell"in əməkdaşlığı ilə “Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”.

Riçard Şirer isə qarşıdakı Avropa çempionatını həyəcanverici tədbir adlandırıb: "Əməkdaşlığımız ilk dəfə 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı zamanı başladı. İndi isə sırada 17 yaşadək oğlanlardan ibarət komandaların Avropa çempionatıdır. Bu, çox həyəcanverici bir tədbirdir. Gələcək istedadları üzə çıxaracaq bir hadisədir. "Bakcell" də öz növbəsində istedadların aşkarlanması prosesində səylərini əsirgəmir".

Son xəbərlər

Orphus sistemi