Elxan Məmmədov: "Avropa Oyunlarına ulduz futbolçular gələ bilər"

Elxan Məmmədov: "Avropa Oyunlarına ulduz futbolçular gələ bilər" "Gəlib Zlatan İbrahimoviçlə şəkil çəkdirmək istəyirdilər"
Futbol
2 İyun , 2015 15:41
Elxan Məmmədov: Avropa Oyunlarına ulduz futbolçular gələ bilər

Bakı. 2 iyun. REPORT.AZ/ "Zlatan İbrahimoviçin Azərbaycanda olması xəbəri bizə dünən gəldi. Təbii ki, çox sayda zənglər edilirdi. Zənglərin də çoxu o məqsədlə idi ki, gəlib AFFA-da Zlatanla şəkil çəkdirmək istəyirdilər. Öncədən xəbərimiz olsaydı, biz hansısa tədbir, layihə təşkil edərdik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O bildirib ki, idman ulduzlarının gəlişi Azərbaycanın Avropada idman mərkəzinə çevrilməsi ilə əlaqədardır: "Kimisi dincəlməyə, öz dostlarını görməyə gəlir, kimisi iş üçün gəlir. Bu o demək deyil ki, biz hər gələn insanla layihə həyata keçiririk. Artıq belə hallara normal baxmağın vaxtı çatıb. "Bakı 2015" I Avropa Oyunlarına 6 mindən çox idmançı gələcək. Təbii ki, aralarında böyük futbol ulduzları olacaq. Yadımdadır, 17 yaşadək qızlar arasında dünya çempionatında püşkatama vaxtı Fransa nümayəndələri gəlmişdi. Əyləşəndə heç xəbərimiz yox idi, keçmiş futbolçu Villi Sanyol texniki heyətin nümayəndəsi kimi yanımızda oturub. Normal haldır ki, böyük idman və ya futbol ulduzları Azərbaycana gəlir. Növbəti illərdə inanıram ki, daha da çox gələcəklər. Kimisi məzuniyyətə, kimisi dincəlməyə gələcək. Onları birgə layihələrə dərhal cəlb etmək çətin olacaq. Dincəlməyə gələni təzyiq altında qoymaq, ona müraciət etmək bəlkə də düzgün olmazdı".

E.Məmmədov "Bakı 2015" I Avropa Oyunlarında iştirakla bağlı AFFA-ya bir çox ölkədən müraciətin daxil olduğunu açıqlayıb: "Oyunlarda İspaniya, İtaliya kimi yığmalarla birgə, ola bilsin, böyük futbol ulduzları da öz komandalarını dəstəkləməyə gəlsinlər. Çimərlik futbolu yarışlarında İspaniya, İtaliya milliləri çıxış edəcək. Ola bilər ki, öz təmsilçilərini dəstəkləmək üçün komanda ilə birgə böyük futboldan da ulduzlar gəlsin. Artıq yay mövsümünə keçmişik. Mümkündür ki, mövsümlərarası fasilədən yararlanaraq böyük futboldan da ulduzlar gəlsin və sevimli komandalarını dəstəkləsinlər".

Qeyd edək ki, İsveç milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç Azərbaycana şəxsi dəvət əsasında iyunun 1-də gəlib. Səfər gəzinti məqsədi daşıyır. 

Son xəbərlər

Orphus sistemi