Tuyqun Nadirov: "Hər 3 klubumuz Avroliqada mərhələ adlayacaq"

Tuyqun Nadirov: "Hər 3 klubumuz Avroliqada mərhələ adlayacaq" AFFA Klublar Komitəsinin sədri "Qəbələ", "İnter" və "Neftçi"nin Avroliqa şanslarını dəyərləndirib
Futbol
9 İyul , 2015 17:20
Tuyqun Nadirov: Hər 3 klubumuz Avroliqada mərhələ adlayacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Klublarımız arasında ayrıseçkilik salmaq istəmirəm. Hansı klub yaxşı çıxış edərək uğur qazanacaqsa, Azərbaycanı layiqincə təmsil edəcəksə, ona da ümid bağlaya bilərik. Amma ümumiyyətlə, bütün klublarımıza azarkeşlik edir, onları dəstəkləyirik. Həm "Qəbələ", həm "İnter", həm də "Neftçi"yə uğurlar arzulayıram". Bu sözləri "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Onun fikrincə, bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq Azərbaycanın hər 3 klubu rəqiblərini üstələyəcək: "İlk oyunda Qəbələ"nin məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Deyərdim ki, bu nəticədə bəxt amili rol oynadı. "Qəbələ"nin yaxşı heyəti var. Mənə elə gəlir ki, ev oyununda məğlubiyyətin əvəzini çıxa biləcək. "Neftçi"dəki vəziyyət məlumdur. Müəyyən çətinlikləri var. Klubda yenidən təşkilatlanma gedir. Bununla belə, "Neftçi" də əlindən gələni etməyə çalışacaq. "İnter"in də növbəti mərhələ şansı var. Hər şey klubun öz əlindədir. Mənə elə gəlir ki, hər 3 klubumuz Avroliqada mərhələ adlayacaq".

T.Nadirov bildirib ki, daha dəqiq proqnozu növbəti mərhələ üçün vermək olar: "Elə klublar var ki, gözlənilməz, elələri də var ki, gözlənilən nəticəyə imza ata bilərlər. Amma daha dəqiq proqnozu ilkin mərhələ yekunlaşdıqdan sonra vermək olar. Məsələn, bir neçə il öncə "Xəzər Lənkəran" Estoniyanın "Nomme Kalyu" komandası ilə öz meydanında gözlənilmədən 2:2 hesablı heç-heçə etdi. Halbuki biz bu komandanı mütləq məğlub etməli idik. "Nomme Kalyu"nun Lənkəranda 2 qol vuraraq, məhsuldar heç-heçəyə nail olması şanslarımızı xeyli azaltmışdı. Amma biz səfərdə 2:0 hesabı ilə qalib gəldik və mərhələ adladıq. Ona görə deyirəm ki, tələsmək lazım deyil. Başlanğıc mərhələdə belə hallar olur. Yəni, güclü heyətlə zəif komanda ilə oyuna köklənə bilmirsən".

Qeyd edək ki, saat 21:00-da "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi), "İnter" Albaniyanın "Laçi" komandasını qəbul edəcək. Saat 23:30-da isə "Neftçi" Monteneqroda "Mladost"un qonağı olacaq. İlk görüşlərdə "Qəbələ" 1:2 hesabı ilə uduzduğu halda, "İnter" 1:1, "Neftçi" 2:2 hesablı heç-heçə ilə kifayətlənib.    

Son xəbərlər

Orphus sistemi