​AFFA İntizam Komitəsi "Şahdağ"-"Ağsu" matçında baş verənlərlə bağlı qərarı açıqlayıb

​AFFA İntizam Komitəsi "Şahdağ"-"Ağsu" matçında baş verənlərlə bağlı qərarı açıqlayıb Hər şey oyunun 83-cü dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsindən sonra başlayıb
Futbol
22 Mart , 2016 13:44
​AFFA İntizam Komitəsi Şahdağ-Ağsu matçında baş verənlərlə bağlı qərarı açıqlayıb

Bakı. 22 mart. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi futbol üzrə ölkə çempionatının I Divizionunda XVIII turun "Şahdağ” –"Ağsu” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

"Report"un məlumatına görə, qərarda bildirilir ki, oyunun 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıb.

Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandanın 11 metrlik cərimə zərbəsi vurmasına icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ"ın futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov isə ona hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına, oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

"Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur;

83-cü dəqiqədə "Ağsu"nun futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

87-ci dəqiqədə "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir;

"Şahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;

"Ağsu"nun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olduğu üçün 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;

Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur;

PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin;

Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.

Son xəbərlər

Orphus sistemi